Azərbaycanda 2013/2014-cü tədris ili üzrə qəbul imtahanlarında iştirak edən və qəbul olan abituriyentlərin bal göstəriciləri açıqlanıb.
APA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının 12-ci sayının təqdimatında çıxışında bildirib ki, bu il abituriyentlərin 65 faizi imtahandan "2", 13.8%-i "3", 15.7%-i "4", 5.6%-i isə "5" qiymət alıb. Ötən il isə bu göstəricilər uyğun olaraq 64.7%, 15.1%, 15.5%, 4.8% olub: “Göründüyü kimi, bu il “2”, “4” və “5” qiymət alanların faizi artıb, “3” qiymət alanların faizi isə azalıb. Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb. Ali məktəblərə qəbul olanların 27.7%-ni "3", 41.3%-ni "4", 14.8%-ni isə "5" qiymət alanlar təşkil edib. Ötən il bu göstəricilər uyğun olaraq 29.3%, 43.6%, 13.7% olub.
100-dən az bal toplayan abituriyentlərin hamısı, 100-200 bal toplayan abituriyentlərin isə 22%-i xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olanlardır. Təəssüflə qeyd etmək lazımdır ki, bu il Naftalan şəhəri, Lerik, Astara, Ağsu, Sabirabad, Xaçmaz, Samux, Göygöl, Kürdəmir, Xızı, İmişli, Şabran, Qobustan, Siyəzən və Ağdaş rayonları, eləcə də Naxçıvan Muxtar Respublikası Babək rayonunun cari ildəki məzunlarını təmsil edən abituriyentlərin 40%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub”.
TQDK sədri qeyd edib ki, 2013-cü ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 100683 abituriyent ərizə verib. Abituriyentlərin 51.35 %-ni (51701 nəfər) oğlanlar, 48.65 %-ni (48982 nəfər) isə qızlar təşkil edib. Respublikanın ali təhsil müəssisələrinə qəbul üçün 36537 yer ayrılıb. Qəbul planının 30295 yeri dövlət, 6242 yeri isə özəl ali təhsil müəssisələrinə aid olub. Ümumilikdə qəbul planı 2439 yer (7.15 %) artıb. Qəbul planının və abituriyent ərizələrinin son iki il üzrə müqayisəli təhlili göstərir ki, 2013-cü ildə ali təhsil müəssisələrinin qəbul planı 7.28 %, ərizələrin sayı isə cəmi 0.06% artıb. Bunun nəticəsində ümumilikdə müsabiqə vəziyyəti 6.73% azalıb. Müsabiqə vəziyyəti I ixtisas qrupundan başqa digər ixtisas qruplarında aşağı düşüb. Bu, özünü III və IV ixtisas qruplarında daha qabarıq büruzə verib. Ali təhsil müəssisələrinə 33800 abituriyent qəbul olub və qəbul planı 92.64 % dolub. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə əlavə qəbul və qeydiyyat aparıldıqdan sonra ümumilikdə 33880 gənc qəbul olub və qəbul planı 92.86 % dolub.