Allahşükür Paşazadə: Heç kimin cənnət vəd etməyə ixtiyarı yoxdur

Allahşükür Paşazadə: Heç kimin cənnət vəd etməyə ixtiyarı yoxdur "Azərbaycanda qarşıdurma yaratmaq istəyən qüvvələr var. Bu qüvvələr özbaşına deyil, xaricdən yönəlir. Bəzi qüvvələr də xaricdən maliyyələşərək burada təxribat törətməyə çalışırlar". Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxulislam Allahşükür Paşazadə QMİ-nin Qazılar Şurasının bu gün keçirilən iclasında bildirib.

A.Paşazadə bildirib ki, başqa dini məzhəbi aşağılamaq, bu cür işlər görmək həm qanunda yolverilməzdir, həm də vicdan azadlığına ziddir: "Belə halları törədənlər qanun çərçivəsində cəzalanmalıdırlar. Çünki qanunvericilikdə var ki, dini qarşıdurma yaradanlar cəzalanmalıdırlar. Şimal bölgəsində baş verənlər göstərir ki, onlar xaricdən maliyyələşirlər. O maliyyənin qarşısını almaq da çox çətindir".

Onun sözlərinə görə, bununla məşğul olan xüsusi qurumlar var: "Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsi də istər Bakıda, istərsə də regionlarda mühüm işlər görür. Amma bu, təkcə onların işi deyil. Biz vətəndaş kimi buna öz töhfəmizi verməliyik. Hər birimiz öz Vətənimizin qorunmasında cavabdehlik daşıyırıq. Biz din xadimlərimizi hazırlamalıyıq. Burada təbliğat aparan şəxslərin çoxu xaricdə oxuyub sonra başqalarını zərərli təbliğatla zəhərləyən insanlardır. Kimin ixtiyarı var ki, cənnət vəd etsin. Bunu yalnız Allah-təala edə bilər. Amma bəziləri bir sıra gənclərin başını aldadıb onlara cənnət vəd edərək onları ailələrindən ayrırırlar".

QMİ sədri qeyd edib ki, ulu öndər Heydər Əliyevin siyasəti bu gün də davam etdirilir. Yeni məscidlər tikilir, köhnələri bərpa edilir, yenidən qurulur: "Sovet dövründə bizim cəmi 17 məscidimiz var idi, indi isə onların sayı 200-ə çatır. Bunlar dövlətin dinə olan münasibətindən xəbər verir. Azərbaycan dünyada öz tolerantlığı ilə tanınır. Azərbaycanda bəlkə də indiyədək məzhəblər arasında hər hansı ciddi münaqişə olmayıb. Azərbaycan inkişaf etdiyinə görə, bəzi ölkələr bunu qəbul etmir. Məsələn, Ermənistan".
A.Paşazadə deyib ki, bəziləri Suriyaya gedirlər, özü də bunu pulla edirlər: "Onlar öləndə də bunu şəhadət kimi qələmə verirlər. Peyğəmbərimizin də hədisi var ki, muzdla döyüşənlər şəhid hesab oluna bilməzlər".

QMİ sədri bildirib ki, burada günah müəyyən qədər ziyalı və məmur təbəqəsində də var: "Bir məmur deyil, bir neçə məmurlar var ki, dövlətdən maaş alırlar, amma onların oğulları başqa təriqətdə dövlətə qarşı iş aparırlar. O, burada əmirlik yaratmaq istəyir. Atan həmin dövlətin məmuru olacaqmı? Onu qəbul edəcəkmi? Biz bu məsələdə dövlətə yaxından kömək etməliyik".
A.Paşazadə daha sonra bildirib: "Mənim haqqımda bəzi yerlərdə hədə-qorxu xarakterli şeylər yazırlar. Məni belə şeylərlə qorxuda bilməyəcəklər. Ən böyük çətinlikləri mən artıq keçmişəm. Suriyaya gedən bu adamlar dönüb gəlsələr, dəyişsələr, radikal olmasalar, dövlətin onlarla heç bir işi olmayacaq. Mən onları dövlətə, xalqa, məzhəblərə qarşı gördükləri işlərdən əl çəkməyə dəvət edirəm. Başqa dövlətlərin, adamların dediklərinə uymasınlar. Axı siz Azərbaycan vətəndaşısınız".
QMİ sədri məscid axundlarına səslənərək onlardan idarə tərəfindən verilən moizə kitabından istifadə etmələrini istəyib: "Axundlar həmin kitabdan istifadə etməlidirlər. Belə olmadığı halda müxtəlif problemlər üzə çıxır. Ona görə də axundlar həmin vəsaitdən istifadə etməklə maariflənmə işi aparmalıdırlar. Tövsiyəmiz budur ki, QMİ tərəfindən hazırlanmış bu kitabdan istifadə edilsin".
A.Paşazadə deyib ki, radikalların Sumqayıtı Mədinə, Bakını Məkkə kimi adlandıması, bu şəkildə qələmə verməsi çox böyük günahdır: "Bunların ağlı bu qədərdir, bu qədər düşünə bilirlər".
QMİ sədri deyib ki, məscid insanlar üçün, yaşamaq, mənəvi həyat vermək üçündür: "Əgər məscid belə bir rol oynamırsa, onda həmin məscidin bağlanması haqqında məsələ qaldırmaq bizim borcumuzdur".
O, iclas iştirakçılarına müraciət edərək, onların bu meyarlara cavab verməyən məscidlərlə bağlı məsələ qaldıra biləcəklərini deyib.
Şərhlər
Sosial bölməsinin xəbərləri