Azərbaycanda dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayı 102 min ədəd artıb

Azərbaycanda dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayı 102 min ədəd artıb Azərbaycanda dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayı 102 min ədəd artaraq 2013-cü ilin sonuna 1.245.677 vahid təşkil edib.

Trend-in məlumatına görə, bu barədə yanvarın 28-də Daxili İşlər Nazirliyində 2013-cü ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında məlumat verilib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti press-reliz yayıb.

Kollegiyada verilən məlumata görə, bununla belə, həmin artımın fonunda yol-nəqliyyat hadisələrinin sayı 1,6 faiz və ya 46 fakt, qəzalarda həlak olanların sayı 0,3 faiz, yaxud 4, yaralananların sayı isə 1,6 faiz və yaxud 49 nəfər azalıb.

Yol hərəkətinə nəzarət prosesində hesabat dövründə 2012-ci illə müqayisədə 40 faiz çox və ya 1.429.781 müvafiq inzibati xəta müəyyən edilib.

Şüşələrinə pərdə və plyonka çəkilmiş 10.578 avtomobil, avtoxuliqanlığa görə 703 nəfər aşkarlanaraq qanunauyğun tədbirlər görülüb. Xətaların 11,8 faizi (168.197-si) avtomatik rejimdə işləyən foto və videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə müəyyən edilib.

Bütövlükdə, müxtəlif inzibati xətalara görə respublika üzrə 2012-ci illə müqayisədə 29 faiz çox və ya 1.452.461 protokol tərtib olunub, nəticədə 1.347.617 nəfər cərimələnib, 4130 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 41.495 şəxsə xəbərdarlıq edilib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri