“Xəzər Lənkəran” Makedoniya yığmasının futbolçusu ilə müqavilə bağlayır
- 29.01.2014, 17:15,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Antalyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” daha bir futbolçunun transferini gerçəkləşdirir. APA-nın məlumatına görə, cənub təmsilçisi baxışda olan makedoniyalı Deyan Blajevski ilə müqavilə imzalamağı planlaşdırır. Slavik Alxasov, Orxan Əliyev, Vyekoslav Tomiç və Tyeqonu transfer edən əyalət komandası bununla da 5-ci futbolçunu heyətinə qatmış olacaq.
Özünü yaxşı tərəfdən göstərən 29 yaşlı cinah yarımmüdafiəçisinin keçidi yaxın günlərdə rəsmiləşəcək. Ölkəsinin əsas yığmasına 2 il əvvəl cəlb olunan Deyan 2 qarşılaşmaya çıxıb və Polşa ilə qarşılaşmada qol hesabını açıb.
Son klubu vətənində “Turnovo” olan Blahevski 2006-08-ci illərdə “Pelister”in formasını geydikdən sonra legioner həyatı yaşamaq üçün Yunanıstana yollanıb. 4 il ərzində “Asteras” (2008-10), “Veria” (2010-11) və “Pierikos”un (2011-12) da uğurları üçün çalışıb. Avrokuboklarda 6 oyuna 3 qol vuran makedoniyalı bütün toplarını ötən yay Avropa Liqasının təsnifat mərhələsində rəqib qapılarından keçirib.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın heyətinə qatmaq istədiyi braziliyalı Elias isə hələ komandanın düşərgəsinə gəlməyib.