Azərbaycanda 45 minə yaxın abituriyent imtahan verdikləri fənlərin ən azı birindən sıfır bal toplayıb

2013/2014-cü tədris ili üzrə Azərbaycanda ali məktəblərə keçirilən qəbul imtahanlarında abituriyentlərin 46.4 faizi (44895 nəfər) imtahan verdikləri fənlərin ən azı birindən sıfır bal toplayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, sıfır ballıların faizi ən çox IV qrupun kimya fənnindədir. Qəbul imtahanlarında iştirak edən abituriyentlərin 46.4 faizi imtahan verdikləri fənlərin biri və ya bir neçəsi üzrə test suallarına ya cavab verməyib, yaxud da cavabları təhlil aparmadan təsadüfi qaydada seçib. Təbiidir ki, belə abituriyentlərin yanlış cavablarının sayı düzgünlərin sayından qat-qat çox olub, nəticədə düzgün cavabların yanlış cavablar nəzərə alınmaqla təshih edilmiş qiyməti sıfırdan kiçik alınıb və qəbul qaydalarına əsasən sıfıra bərabər qəbul olunub.

TQDK təəssüflə qeyd edib ki, hələ də gənclər arasında birtərəfli hazırlıqla ali təhsil müəssisələrinə qəbul olmaq arzusunda olanlar var: “İmtahan fənlərinə qoyulan məhdudiyyət belələrinin müsabiqədə iştirakına imkan vermir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası imtahan fənlərinə nisbi bal məhdudiyyəti qoymaqla gənclərimizdə bütün imtahan fənlərinə ciddi münasibət formalaşdırmağa çalışır. TQDK şagird və abituriyentlərin nəinki imtahan fənlərinə, həmçinin ümumtəhsil məktəblərində tədris olunan bütün fənlərə lazımi diqqət göstərməsinin tərəfdarıdır. Heç kəsə sirr deyil ki, hazırda məktəblərdə yuxarı sinif şagirdlərinin, əsasən seçdikləri ixtisas qrupuna aid fənlərə üstünlük verməsi, digər fənləri isə, heç olmazsa, proqramın minimum tələbləri səviyyəsində öyrənməməsi, məktəb rəhbərlərinin də bu vəziyyətə göz yumması halları mövcuddur. Məktəb rəhbərləri, eləcə də müəllimlər şagirdlərin bütün fənlər üzrə ən azı minimum proqram həcmində bilik almasına nail olmalı, imtahana düşən fənləri yaxşı bildiklərinə görə digər fənləri lazımınca öyrənməmələrinə güzəşt etməməlidirlər”.
Şərhlər
Sosial bölməsinin xəbərləri