Türkiyənin məşhur Bilkənt Simfonik Orkestri Heydər Əliyev Mərkəzində çıxış edib
- 30.01.2014, 01:14,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Yanvarın 29-da Heydər Əliyev Mərkəzində Türkiyənin məşhur Bilkənt Simfonik Orkestrinin konserti keçirilib.
Orkestrin bədii rəhbəri İşın Mətinin dirijorluğu ilə keçən konsert proqramında tanınmış skripkaçı, Azərbaycanın Əməkdar Artisti Toğrul Qəniyev solist olaraq çıxış edib. Tamaşaçılara Türkiyə, Almaniya və Rusiya bəstəkarları Ülvi Camal Erkin, Feliks Mendelson və Sergey Raxmaninovun əsərləri təqdim olunub.
Heydər Əliyev Mərkəzində keçən iki hissəli möhtəşəm klassik gecədə Ülvi Camal Erkinin məşhur "Keçekçe" əsəri, eləcə də Feliks Mendelsonun skripka və orkesrt üçün konserti, Sergey Raxmaninovun "İkinci simfoniyası" səslənib.
Qeyd edək ki, Bilkənt Simfonik Orkestri 1993-cü ildə Bilkənt Universitetinin tərkibində yaradılıb. Türkiyə və daha 12 ölkənin tanınmış musiqiçilərinin çalışdığı orkestr 2009-cu ildə "YUNİSEF Türkiyə"nin xoşməramlı səfiri elan olunub. Kollektiv indiyə qədər İtaliya, San-Marino, İsveçrədə keçirilən bir çox beynəlxalq festivallarda çıxış edib, Almaniya, Portuqaliya, Belçika və Yaponiyada konsertlər verib.
Bilkənt Simfonik Orkestrinin bədii rəhbəri İşın Mətin Heydər Əliyev Mərkəzində olmalarından və burada gur alqışlarla qarşılanan konsert proqramı ilə çıxış etmələrindən qürur duyduqlarını bildirib.