Abşeron rayonunun ləğv edilərək Bakının tərkibinə verilməsi təklif edilir

Abşeron rayonunun ləğv edilərək Bakının tərkibinə verilməsi təklif edilir Azərbaycanın Abşeron rayonunun kənd rayonu kimi ləğv edilməsi və Bakının tərkibinə verilməsi təklif edilir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun Azərbaycan əhalisi və sosial inkişafı coğrafiyası şöbəsinin elmi işçisi Etibar Bədəlov Trend-ə deyib ki, bu gün Abşeronun Hökməli, Məhəmmədi, Novxanı, Masazır, Goradil qəsəbələri Bakının ərazisinə girib: "Həmin ərazilərin hamısı 1963-cü ilə kimi Bakının ərazisi olub. Buna görə də Abşeronun həmin əraziləri Bakıya verilməlidir. Yaxşı olardı ki, Abşeron rayonu ümumiyyətlə ləğv edilsin, Bakının tərkibində bir rayon olsun. Yəni ayrıca kənd rayonu olmasın".

E.Bədəlov bildirib ki, əslində Abşeron rayonu Bakının ərazisində yaradılıb. Bu rayon 1963-cü ildə Bakıətrafı ərazilərdə aqrar sənaye kompleksləri təşkil edilərkən yaradılıb: "Abşeron rayonu 1963-cü ilə kimi olmayıb. Həmin ərazilərin hamısı Bakı sovetinə aid idi, hətta Sumqayıtın əraziləri də 1949-cu ilə kimi Bakı sovetinə aid olub. 1949-cu ildə Sumqayıtın hazırkı əraziləri Bakı sovetindən ayrılaraq ayrıca şəhər kimi yaradıldı və onun şəhər kimi inkişaf etdirilməsinə başlanıldı".
Elmi işçi deyib ki, 2000-ci illərdə Abşeron sakinləri üçün pay torpaq bölgüsü aparıldı. Həmin zaman hər sakinə orta hesabla 20-30 sot torpaq düşdü. Həmin torpaqların çoxu sonradan satıldığı üçün bu ərazilərdə tamamilə əhali məskunlaşıb: "Fakt odur ki, bu gün Abşeronda, o cümlədən Abşeron yarımadasında əhalinin məskunlaşmadığı ərazi yoxdur".

O, qeyd edib ki, Abşeronun bəzi əraziləri Bakının içində olduğu kimi, Bakının da bəzi əraziləri, məsələn, Müşfiqabad qəsəbəsi Abşeron rayonunun içində yerləşir. Buna görə də Müşfiqabad qəsəbəsi Abşeronun ərazilərinə daxil edilməli, Abşeronun Hökməli, Məhəmmədi, Novxanı, Masazır, Goradil qəsəbələri isə Bakıya verilməlidir.
Şərhlər
Sosial bölməsinin xəbərləri