Röyanın yanvar ayında 4 gün Heydər Əliyev sarayında verdiyi konsertlərdə istifadə etdiyi geyimlər geniş müzakirəyə səbəb oldu. Onun geyimləri Günay İbrahimlinin, hətta Ledi Qaqanın, Beyonsun, Ajda Pekkanın geyimləri ilə müqayisə olundu.
Live.Az show.az istinadən bildirir ki, Röya özü də bu barədə açıqlama verdi. Konsertin üçüncü günü geyimi ilə bağlı gəzən söz-söhbətlərə belə aydınlıq gətirdi.
“İki gündür paltarımdan danışırlar. Geyimim müzakirəyə səbəb olacaqsa, deyim, bu geyimim əslində balaca bir əsər deyil. İndi zalda əyləşənlər yüz faiz dedilər ki, bəyəm paltar var idi ki?”
Zarafatyana bu məsələyə toxunan aparıcı Murad Dadaşovun sözləri də zalda əyləşənləri güldürüb.
“Röyanın geyimi ilə bağlı, daha doğrusu, geyiminin olmaması ilə bağlı söz-söhbətlər gəzirdi, mən də getdim Röyaya dedim ki, bəlkə, sona qədər geyinməyi unutmusan. Dedi yox, paltarım elə budur”.
Live.Az lent.az-a istinadən xəbər verir ki, müğənni Röya Ayxanın Heydər Əliyev Sarayında “Mənəm” adlı konserti zamanı tam fərqli geyimdə səhnəyə çıxması birmənalı qarşılanmayıb. Bununla bağlı sosial şəbəkələrdə bir neçə gündür geniş müzakirələr açılıb.
Ölkəmizin bir nömrəli sarayında ifaçıların geyim tərzi tənzimlənirmi?
Sualı cavablandıran Heydər Əliyev Sarayının mətbuat katibi Anar Fərəczadə ifaçıların geyim tərzinə qarışmadıqlarını bildirib: “Biz yanvarın son günlərində sarayımızı konsert təşkilatçılarının ixtiyarına vermişik. Röyanın geyiminə və digər hərəkətlərinə məsuliyyət daşımırıq”.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov açıqlamasında analoji fikirlər səsləndirib: “Biz demokratik cəmiyyətdə yaşayırıq. Belə geyim tərzi ifaçının öz seçimidir”.
Hümbətov Heydər Əliyev Sarayının əsasnaməsində ifaçıların geyim tərzi barədə bəndin yer almadığını da əlavə edib.
Röya Ayxanın mətbuat katibi Türkan Məmmədli isə deyib ki, bu, ilin ən dəbli geyimidir: “Dünyanın bütün məşhur müğənniləri bu üslubda geyinirlər. Röyanın geyimi modelyer Səbinə Hüseynova tərəfindən dünya standartlarına uyğun hazırlanıb və üzərində xeyli iş görülüb. Müğənninin özü də səhnədə konserti zamanı geyiminin çox bahalı və əziyyətli əsər olduğunu deyib”.
Röyanın geyiminə gəldikdə, Məmmədli “O, səhnəyə gələndən belə geyim tərzinə üstünlük verib” deyə mövqe bildirib.