Azərbaycan prezidenti: “Növbəti illərdə əsas xərclər sosial və infrastruktur layihələrinə yönəldiləcək”

Azərbaycan prezidenti: “Növbəti illərdə əsas xərclər sosial və infrastruktur layihələrinə yönəldiləcək” “2009-2013-cü illəri əhatə edən 2-ci proqramın regionların inkişafında, ümumiyyətlə ölkəmizin iqtisadi potensialının gücləndirilməsində rolu böyük olub. Bunun nəticəsidir ki, bu gün Azərbaycan gələcəyə çox böyük ümidlərlə baxır. Bunun əsas səbəbi isə iqtisadi müstəqillik və siyasi iradədir”.

APA-nın AzTV-yə istinadən verdiyi məlumata görə, bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün “Regionların 2009-2013-cü illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunmuş konfransda çıxışında deyib.

Dövlət başçısı bildirib ki, son 10 ildə Azərbaycan çox sürətlə inkişaf edib. İqtisadiyyat 3,4 dəfə, sənaye istehsalı 2,7 dəfə artıb. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsi ölkəyə xeyli gəlir gətirib. Təbii sərvətlərdən əldə olunan gəlirlər infrastruktur layihələrinə istiqamətləndirilib.

Azərbaycanın iqtisadi potensialından danışan prezident gələcək illərdə də xarici borcun aşağı səviyyədə saxlanılacağını deyib. Qeyd edib ki, ötən il Azərbaycan iqtisadiyyatına qoyulan sərmayə rekord həddə çatıb və 28 milyard dollar təşkil edib, daxili sərmayələr xarici sərmayələri üstələyir. Bu dövr ərzində Azərbaycan xarici iş adamları üçün cəlbedici ölkə olaraq qalır. Qeyri-neft sektoruna daha çox vəsait qoyulur.

Sahibkarlığa geniş meydan verilməsinin daim diqqət mərkəzində saxlandığını vurğulayan İ. Əliyev ölkə iqtisadiyyatına ən çox lazım olan sahələri inkişaf etdirmək üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kreditlər verilməsinin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

O, son 10 il ərzində 1200-dən çox obyektin açılışında şəxsən iştirak etdiyini, sahibkarlığa dəstəyin davamlı olacağını vurğulayıb: “Ötən 10 ildə infrastruktur layihələrinin icrası prioritet məsələ olub. 17 elektrik stansiyası tikilib, ölkəmizin 90%-ə yaxın ərazisində qazlaşma aparılıb, yolların tikintisi üzrə geniş layihələr icra edilir”.

Sosial infrastruktur layihələrindən danışan prezident İ. Əliyev içməli su və kanalizasiya layihələrinin də uğurla icra edildiyini söyləyib, növbəti 5 il ərzində bu prosesin daha da sürətlənəcəyini bildirib.

Dövlət başçısı qeyd edib ki, 10 il ərzində 2 min 700 məktəb tikilib, 500-dən çox tibb müəssisə inşa edilib, yaxud təmir olunub, 41 olimpiya idman kompleksi istifadəyə verilib, çoxlu sayda mədəniyyət ocağı tikilib və ya bərpa edilib.

Prezident növbəti 5 il üçün bu yaxınlarda qəbul ediləcək 3-cü dövlət proqramının da ölkə iqtisadiyyatının möhkəmlənməsində mühüm əhəmiyyətə malik olacağını vurğulayıb.

Konfransa yekun vuran dövlət başçısı son 10 ildə əldə edilmiş uğurların növbəti illərdə də davam etdiriləcəyini, makro-iqtisadi vəziyyətin sabit qalacağını qeyd edib, bildirib ki, bunun üçün heç bir maliyyə problemi yoxdur, əsas xərclər sosial və infrastruktur layihələrinə yönəldiləcək.

Dövlət başçısı qarşıdakı 5 il ərzində növbəti proqramın icrası üçün kifayət qədər resursların olduğunu söyləyib, bütün layihələrin uğurla icra ediləcəyinə əminliyini ifadə edib.

Prezident İ. Əliyev su, kanalizasiya, meliorasiya layihələri, kənd təsərrüfatının inkişafında ən müasir metodların tətbiqi, məhsuldarlığın artırılması, fermerlərin elektron qeydiyyat sisteminin yaradılması, bölgələr üzrə ixtisaslaşmanın aparılması, torpaqların elektron uçot sisteminin yaradılması, subsidiyaların verilməsində tam şəffaflığın təmin edilməsi, ərzağın keyfiyyətinin qorunması, aqroparkların, logistika mərkəzlərinin yaradılması, bankların iqtisadiyyatın real sektoruna kredit şəklində daha böyük vəsait ayırmaları , korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin davam etdirilməsi vacibliyindən və digər məsələlərdən də danışıb.

Dövlət başçısı ötən 10 ildə qarşıya qoyulan vəzifələrin hamısının tam icra edildiyini deyərək, vurğulayıb ki, qəbul ediləcək 3-cü dövlət proqramı ölkənin inkişafına yeni töhfələr verəcək.
Şərhlər
Siyasət bölməsinin xəbərləri