Azərbaycan Milli Məclisinin (MM) bugünkü iclasında “İcbari sığortalar haqqında” qanun layihəsinə dəyişiklər müzakirə olunub. APA-nın xəbərinə görə, dəyişikliklər barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
Onun sözlərinə görə, 2010-cu illə müqayisədə icbari sığorta 2012-ci ildə 2 dəfə artaraq 350 milyon manata, bu sahədə adambaşına düşən göstərici isə 37 manata çatıb. Z. Səmədzadə deyib ki, hazırda ölkədə 1,8 milyon insan öz həyatını sığortalayıb. Sığortalanan maşınların sayı 1 milyondan çox, yaşayış və qeyri-yaşayış obyektlərinin sayı isə 233 mindən çoxdur.
Millət vəkili Vahid Əhmədov isə deyib ki, hazırda ölkədə 400 min sənədsiz tikilən ev var: “Nəyə görə onlar icbari sığortadan kənarda qalıb. Əsas sığortalanmalı olan bu evlərdir. Çünki hər an bu evlərdə hansısa qəza baş verə bilər”.
Vitse-spiker Ziyafət Əsgərov isə buna etiraz edib: “Əgər ev qanunsuz tikilibsə, onu necə qanuni icbari sığorta etmək olar?”.
Millət vəkili Zahid Oruc isə deyib ki, sığorta şirkətləri vətəndaşlar üzərində qurulmuş hörümçək toruna bənzəyir: “Vətəndaş o sığortanın məbləğini almaq üçün nələrdən keçməli olur. Bu şirkətlər qəza hadisələri nəticəsində milyonlar qazanırlar, vətəndaşlara yem yeri kimi baxırlar. Heç bir gözəl tabutla insanının həyatının dəyərini vermək olmaz. Deputatların həyatı 65 min manata sığorta olunur. Hikmət Atayev həyatını itirdi. Bilmirəm onun ailəsinə bu vəsait ödənildimi? Bəs deputat növbəti dəfə seçilməyəndə bu vəsait hara gedir?”
Layihəyə əsasən, sığorta hadisəsi hesab edilə bilən yol nəqliyyat hadisəsi nəticəsində avtonəqliyyat vasitəsinin sürücüsü, sərnişini və ya piyada ölərsə, həmin avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətini sığortalamış sığortaçı səlahiyyətli dövlət orqanının bu faktı təsdiqləyən arayışını və ölüm haqqında müvafiq şəhadətnamənin surətini aldığı tarixdən 2 iş günü müddətində ölən şəxsin ailə üzvlərinə sığorta məbləğinin 20 faizi həcmində kompensasiya ödəyəcək. Sığorta hadisəsinin baş verməsində avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin yaranması faktı müəyyən edilərsə, sığorta ödənişinin qalan məbləği də qanunda müəyyən edilmiş qaydada ödəniləcək. Sığorta hadisəsinin baş verməsində avtonəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin yaranması faktı müəyyən edilmədiyi halda isə, piyadanın vurulması halı istisna olmaqla, ödənilmiş kompensasiya həcmində zərərvurana və ya onun mülki məsuliyyətini sığortalamış sığortaçıya qarşı subroqasiya hüququ yaranır.
Qanuna həmçinin icbari sığortalar üzrə vahid elektron informasiya sisteminin yaradılması haqqında yeni maddə də əlavə edilib. İcbari sığortalar üzrə vahid elektron informasiya sistemi icbari sığorta müqavilələrinin bağlanması üçün lazım olan, sığorta şəhadətnamələrində əks olunan, habelə sığortaçılar, sığortalılar, sığorta olunanlar, sığorta predmeti, sığorta hadisələri, zərərçəkən şəxslər və zərər vurulan əmlak, onların sahibləri haqqında məlumatları özündə ehtiva edəcək.
Qanuna əlavə və düzəlişlər müzakirələrdən sonra qəbul edilib.