Azərbaycan Prezidenti 15 yaşı tamam olmamış vətəndaşlara fərdi identifikasiya kartının verilməsi ilə bağlı qanunu imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında" Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Trend-in məlumatına görə, bu qanun 2015-ci il dekabrın 1-dən qüvvəyə minəcək. Qanun 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşına fərdi identifikasiya kartının verilməsi, habelə fərdi identifikasiya kartının dəyişdirilməsi, müvəqqəti alınması, təhvil verilməsi və qüvvədən düşmüş hesab edilməsi ilə bağlı yaranan münasibətləri tənzimləyəcək.

Fərdi identifikasiya kartı Azərbaycan Respublikasının ərazisində 15 yaşı tamam olmamış vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd olacaq. Fərdi identifikasiya kartı vətəndaşın qanuni nümayəndəsinin (valideynin, vətəndaşı övladlığa götürənin, qəyyumunun və ya himayəçisinin) müraciəti əsasında veriləcək. Kartın üzərində vətəndaşın soyadı, adı, atasının adı, cinsi, doğulduğu tarix, qan qrupu, fərdi identifikasiya nömrəsi, kartın nömrəsi və etibarlılıq müddəti, habelə onun valideynlərinin soyadı, adı, atasının adı göstəriləcək. Karta elektron daşıyıcı (çip) da bərkidiləcək. Çipdə kartın üzərindəki məlumatlarla yanaşı, vətəndaşın soyadı, adı, atasının adı dəyişilibsə, əvvəlki soyadı, adı, atasının adı, doğulduğu yer, yaşayış yeri, vətəndaşın gözlərinin rəngi, qanuni nümayəndəsinin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi və əlaqə məlumatları (poçt ünvanı, elektron poçt ünvanı, telefon nömrələri), fərdi identifikasiya kartını verən orqanın adı və kartın verilmə tarixi haqqında məlumatlar da yerləşdiriləcək. Elektron daşıyıcıda saxlanılan məlumatlar oxunuş üçün açıq olacaq.

Bu qanun qüvvəyə minənədək doğum haqqında şəhadətnamə almış 15 yaşı tamam olmamış vətəndaşlar istisna olmaqla, fərdi identifikasiya kartı vətəndaşlara doğum haqqında şəhadətnamə ilə birlikdə veriləcək. Verilmiş fərdi identifikasiya kartı vətəndaşın 15 yaşı tamam olanadək etibarlı sayılacaq.

Fərdi identifikasiya kartı vətəndaşlara tələb edilən sənədlər müvafiq icra hakimiyyəti orqanına daxil olduqdan sonra ən geci 5 iş günü müddətində pulsuz veriləcək.
Şərhlər
Sosial bölməsinin xəbərləri