Seysmoloji Xidmət Mərkəzi: Bakıda güclü zəlzələ olacağına dair yayılan məlumatların ciddi əsası yoxdur

Seysmoloji Xidmət Mərkəzi: Bakıda güclü zəlzələ olacağına dair yayılan məlumatların ciddi əsası yoxdur Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) son günlər paytaxtda güclü zəlzələnin olacağı ilə barədə səsləndirilən fikirlərlə bağlı rəsmi məlumat açıqlayıb.

RSXM-in mətbuat xidmətindən APA-ya daxil olan məlumatda son iki gündə paytaxt sakinləri arasında yayılan məlumatların heç bir əsası yoxdur: “Bakıda güclü zəlzələ olacağına dair yayılan məlumatları qətiyyətlə pisləyirik. Bu məlumatların ciddi əsası yoxdur. Azərbaycan ərazisində seysmoloji vəziyyətlə bağlı müşahidələr AMEA nəzdində RSXM-də aparılır və mərkəz tərəfindən müntəzəm olaraq baş verən zəlzələlər barəsində məlumatlar ictimaiyyətə çatdırılır. Hazırda Mərkəzin 35 telemetrik seysmik stansiyaları tərəfindən ölkə ərazisindəki seysmik vəziyyətlə bağlı müşahidələr davam etdirilir. Təəssüf hissi ilə bildiririk ki, bəzi insanlar fevralın 11-də Hacıqabul rayonu ərazisində baş verən zəlzələnin paytaxtda hiss olunmasından sonra əhali arasında heç bir elmi əsası olmayan məlumatlar yayaraq, insanlar arasında yersiz qorxu və təşviş hissi yaratmağa çalışırlar. Bu insanların məqsədləri bizə aydın olmasa da, bildirmək istərdik ki, bu cür fikirləri əhali arasında yaymaq insanların psixologiyasına və sağlamlığına olduqca mənfi təsir edir. Bu xəbərlərlə bağlı Mərkəzimizə son günlər edilən çoxsaylı müraciətləri nəzərə alaraq bir daha ölkə mediasına bir daha müraciət edirik”.

Mərkəzin müraciətində qeyd olunub ki, nəinki Azərbaycanda, dünyanın heç bir ölkəsində zəlzələnin dəqiq proqnozu yoxdur və hələ ki seysmologiya elmi proqnoz məsələsinin həllinə nail ola bilməyib: “Dəfələrlə bəyan etmişik ki, Azərbaycan ərazisi seysmik baxımdan aktiv zonada yerləşir və burda vaxtaşırı zəlzələlər olur. Dünyanın heç bir yerində zəlzələnin proqnozu olmadığı kimi, heç kim baş verəcək hər hansı təkanın gücü barədə də əvvəlcədən heç nə deyə bilməz. Bu cür fikirlərin səsləndirilməsi isə qeyri-ciddi xarakter daşıyır və elmi əsası yoxdur. Bütün bunları nəzərə alaraq bir daha mətbuat orqanlarından xahiş edirik ki, zəlzələ haqqında məlumatları yayarkən RSXM-in www.seismology.az rəsmi internet saytına istinad etsinlər. Eyni zamanda mətbuat nümayəndələri və vətəndaşlar Mərkəzin 492-34-57 saylı telefonuna zəng edərək, Mətbuat Xidmətindən öz sualları ilə bağlı ətraflı məlumat ala bilərlər”.
Şərhlər
Sosial bölməsinin xəbərləri