Azərbaycanda ödənişli avtomobil yollarının tikilməsi qanunvericiliyə daxil edilib.
Trend-in məlumatına görə, bu barədə Milli Məclisin plenar iclasında "Avtomobil yolları haqqında" qanuna edilən dəyişiklikdə nəzərdə tutulub.
Dəyişikliyə əsasən, ölkədə avtomobil yolları şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, avtomobil yolları istifadəçilərinə yüksək xidmət göstərilməsi, yollarda yüksək sürət rejiminin və təhlükəsizlik tələblərinin təmin edilməsi məqsədilə ödənişli avtomobil yolları tikilə bilər. Yüksək standartlara və normativlərə uyğun olan ödənişli avtomobil yolları dövlət mülkiyyətində olan respublika və yerli əhəmiyyətli avtomobil yollarında, həmçinin ümumi istifadədə olan özəl avtomobil yolları əsasında yaradıla bilər. Ödənişli avtomobil yollarının yaradılması dövlət büdcəsinin, yerli və xarici investorların vəsaitləri hesabına maliyyələşdirilə bilər. Ödənişin, körpülər və digər yol qurğuları da daxil olmaqla, bütün yol boyu və ya onun müəyyən hissələrində gediş üçün tətbiqinə yol verilir.
Dövlət mülkiyyətində olan avtomobil yollarında gediş haqqı avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti tərəfindən müəyyən ediləcək.
Ödənişli avtomobil yolundan istifadə alternativ ödənişsiz avtomobil yolundan istifadəyə maneə törədən hallar yarandıqda, hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, həmçinin təbii və ya texnogen xarakterli fövqəladə hallar baş verdikdə dayandırıla bilər. Ödənişli avtomobil yolundan istifadənin dayandırılması müddəti 6 aydan artıq olmamalıdır.
Dövlət mülkiyyətində olan respublika və ya yerli əhəmiyyətli avtomobil yollarından ödənişli yol kimi istifadə edilməsi, habelə yeni ödənişli avtomobil yolunun tikilməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir.
Bələdiyyə və ya özəl avtomobil yollarından ödənişli yol kimi istifadə edilməsi, yeni ödənişli avtomobil yolunun tikilməsi barədə qərar yolun sahibi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla qəbul edilir. Razılaşdırma haqqında ərizəyə 30 gündən gec olmayaraq baxılır. Ödənişli avtomobil yolları belə yollarla yanaşı fəaliyyət göstərən və keyfiyyəti dövlət standartlarının tələblərinə cavab verən alternativ ödənişsiz avtomobil yolu mövcud olduqda, ödənişli avtomobil yolunun müasir keyfiyyət standartlarına uyğunluğu, o cümlədən yol hərəkətinin təhlükəsizliyi, nəqliyyat vasitələrinin hərəkətinin yüksək sürəti təmin edildikdə yaradıla bilər.
Əhalinin məlumatlandırılması üçün mövcud və ya tikilməsi nəzərdə tutulmuş avtomobil yolunun ödənişli yol kimi istifadə edilməsi barədə qərar yolun istifadəsinə 30 gün qalmış avtomobil yolunun sahibi tərəfindən KİV-də yayımlanmalıdır. Müdafiə əhəmiyyətli, ictimai asayişin qorunması, fövqəladə halların aradan qaldırılması ilə əlaqədar olan daşımalarda iştirak edən, habelə polis, qəza-bərpa, kommunal, təcili tibbi yardım xidmətlərinə məxsus xüsusi təyinatlı nəqliyyat vasitələri ödənişli avtomobil yolu ilə gediş üçün ödənişdən azaddırlar. Özəl avtomobil yollarının sahibləri ayrı-ayrı kateqoriyalardan olan istifadəçilər və ya nəqliyyat vasitələrinin müəyyən növləri üçün güzəştlər tətbiq etmək hüququna malikdirlər.
Qanun layihəsinin müzakirəsi zamanı millət vəkilləri qeyd ediblər ki, dəyişikliklərdə nəzərdə tutulan müddəaların həyata keçiriləcəyi təqdirdə ölkədə yollarla bağlı bir çox problemlər öz həllini tapacaq.