Ekspert: “Biz hesab edirik ki, şəhərin mərkəzi - Füzuli meydanından Neftçilər prospekti boyu avtomobillər üçün bağlanmalıdır”

Ekspert: “Biz hesab edirik ki, şəhərin mərkəzi - Füzuli meydanından Neftçilər prospekti boyu avtomobillər üçün bağlanmalıdır” Bu sözləri bizimlə söhbətində “Ekoleks” Ekoloji Hüquq Mərkəzinin eksperti Samir İsayev söylədi. Onun sözlərinə görə, dünyada heç də elə deyil: “Dünyanın əksər ölkələrində şəhərlərin mərkəzində avtomobil parkinqlərində qiymətlər çox bahadır. Məsələn, Avropada şəhərin mərkəzində avtomobili 8 saat dayanacaqda saxlamaq təxminən 30 avroya başa gəlir. Yəni idarəetmə belədir; pulun var saxla, yoxdur köç get. Bu, insanların hüququnun məhdudlaşdırılması demək deyil. Belə deyək, bir insanın öz rahatlığı üçün öz şəxsi avtomobilindən istifadə etməsi başqalarının narahatlığına səbəb olmamalıdır”.

Samir İsayev deyir ki, şəhərin mərkəzi avtomobillərin girişi üçün bağlı olmalıdır: “Mərkəzdə piyadalar üçün hərəkət açıq olmalıdır. İnsanlar mərkəzə yaxın ərazilərdə avtomaşınlarını qoymalı və işlərinin dalınca getməlidirlər. Şəhərin tarixi mərkəzində maşınlar hərəkət etməməlidir. Biz bunu təklif edirik. Ola bilsin ki, orada yaşayan insan desin ki, yox, mən qapıma maşınla gəlmək istəyirəm. Onda köç get yaşa başqa bir ərazidə. Bu, mütləq belə olmalıdır. Şəhərin içərisində elitar mühit formalaşdırılmalıdır. Yəni sən şəhərin naminə öz komfortundan imtina etməlisən. Başqa bir misal deyim. Evdə paltar yuyulur. Bu paltar harasa sərilməlidir. Dünyanın hər bir yerində paltar çöldə asılır, elə bilməyin asılmır. Amerikada da şəhərin kənarında yerlər görmüşəm ki, kasıb adamlar ip çəkirlər və paltar sərirlər. Şəhərin mərkəzində isə heç bir yerdə - nə Amerikada, nə Fransada, nə digər ölkələrdə paltar sərildiyini görməzsiniz. Bu, bilirsinizmi nədir? Bu, dövlətin və cəmiyyətin maraqları naminə sizin sıxışdırılmağınız deməkdir. Yəni siz şəhərin mərkəzində yaşayırsınızsa və paltarınızın təmiz olmasını istəyirsinizsə, problem yoxdur - pulunuzu verin, yuma məntəqəsində yudurdun, orada qurudulub sizə təqdim edilsin. Belə deyək, başqa ölkələrdə olduğu kimi, siz şəhərin mərkəzində yaşamaq naminə artıq pul xərcləməlisiniz. Bu məsələ bizdə də qaldırılmalıdır”.

“Dünyanın hər yerində şəhərin mərkəzləri biznes və işgüzar mərkəzlərdir”

“Sizin fikrinizdən belə anlaşılır ki, şəhərin mərkəzində ancaq varlılar yaşamalıdır?” sualımıza Samir İsayevin cavabı belə oldu: “Gəlin özümüzə sual verək - dünyada bu necədir? Dünyanın hər yerində şəhərin mərkəzləri biznes mərkəzləridir, işgüzar mərkəzlərdir. Son illər Bakının mərkəzində çoxmərtəbəli binalar tikilməyə başlayıb. Çoxmərtəbəli binalar tikilirsə, yaşayış şəraiti də təmin edilməlidir. Gəlin kiçik bir araşdırma aparaq. Yaşayış şəraiti nə deməkdir? Yaşayış şəraiti mütləq məktəb deməkdir, xəstəxana deməkdir, uşaq bağçası deməkdir, park deməkdir, böyük mağazalar deməkdir. Bütün bunlar isə yekun mərhələdə şəhərin mərkəzində infrastrukturun yüklənməsi deməkdir. Amma bu bizdə nəzərə alınırmı? Bina tikilirsə, ora maşın girməlidir, çıxmalıdır və s. Buna görə də dünyanın hər yerində şəhərlərin mərkəzində çalışırlar biznes mərkəzləri yerləşdirsinlər ki, oranı sosial təminatla bağlı infrastrukturdan xilas eləsinlər. Yəni məktəbə, uşaq bağçasına və sadaladığımız digər şeylərə ehtiyac olmasın”.

“Biz Brüsseli gətirib Bakıda tikə bilmərik”

Samir İsayev dünyada müxtəlif şəhərsalma mədəniyyətlərinin olduğunu söylədi: “Bu sahə üzrə çalışan ekspertlər Azərbaycanda şəhərsalma mədəniyyətləri formalaşdırmalıdırlar. Biz belə deyək, Brüsseli gətirib Bakıda tikə bilmərik. İctimai fikirlər formalaşdırmaqla biz memarlarımıza, mütəxəssislərimizə Azərbaycan şəhərsalmasının necə olmasına onlarda əminlik formalaşdırmalıyıq. Onlar belə deyək, “copy-paste” eləməsinlər, tutaq ki, Pekini, İstanbulu bura köçürməsinlər. Memarlarımız dayanıqlılığı nəzərə almalıdırlar. Dayanıqlılıq nə deməkdir? Dayanıqlılığın üç komponenti var. Birincisi ekonomik, ikincisi sosial, üçüncüsü ekoloji komponentlər. Çünki hər bir halda burada insan yaşayacaq, hər bir halda bunlar təmin olunmalıdır, hər bir halda burada sosial ehtiyaclar ödənməlidir”.

Sonda Samir İsayevə “şəhərin hansı hissəsinə avtomobillərin girişinin qadağan olunmasını təklif edirsiniz” sualı ilə müraciət etdik. O: “Biz hesab edirik ki, şəhərin mərkəzi - Füzuli meydanından Neftçilər prospekti boyu xüsusi nəqliyyat növləri istisna olmaqla avtomobillər üçün bağlanmalıdır”,-dedi.

“Şəhərin mərkəzi ölkənin “qonaq evi” deməkdir”

Səslənən fikirlərlə bağlı açıqlama verən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev dedi: “Şəhərsalma fəaliyyətində 3 tərəfin mövqeyi qorunmalıdır. Fərdin, ictimaiyyətin və dövlətin. Tək fərdin marağı gözlənilirsə, ictimai maraq nəzərə alınmırsa, bu, normal hal deyil. Yaxud ictimai maraq, fərdin marağı gözlənilirsə, dövlətin marağı nəzərə alınmırsa, bu da bir problemdir. Dövlətin marağı nədir? Dövlətin maraqlarından biri onun diplomatik marağıdır. Deyək ki, hansısa ölkənin prezidenti Bakıya gəlir. Bu ifadəyə görə üzr istəyirəm, həmin prezident gəlib burada yaxası cırıq “bomj”u görməməlidir. İndi bizdə vəziyyət belədir; biri yaşadığı evin eyvanını şüşələyib, digəri açıq saxlayıb, digəri paltar asıb və s. Samir müəllim düz vurğulayır ki, şəhərin mərkəzində belə mühit olmamalıdır. Şəhərin mərkəzi elitar mühit deməkdir. Şəhərin mərkəzi ölkənin “qonaq evi” deməkdir. Bu baxımdan dövlətin belə maraqları da gözlənilməlidir”.

“Mühit şəxsiyyəti formalaşdırır, şəxsiyyət də mühiti formalaşdırır”

Cahangir Qocayev deyir ki, şəhərsalmada belə bir prinsip var - mühit şəxsiyyəti formalaşdırır, şəxsiyyət də mühiti formalaşdırır. Amma hər adamı belə mühitdə formalaşdırmaq olmaz. Məsələn, dəlini 20 il şəhərin mərkəzində saxla o sağalmaz, dəli xəstəxanada sağalmalıdır - misal üçün deyirəm. Şəhərin mütində daha çox elitarlığa meyilli zümrə formalaşmalıdır. Küçə təmiz olanda adam yerə heç konfet kağızı da atmır. Sual verə bilərsiniz ki, elitar kimdir? Elitar olmayan insan lap 1000 manatlıq kostyum da geyər, amma heç nə dəyişməz. Ancaq elitar insan lap ən ucuz kostyum alar, geyinər gedər teatra və s”.

Sonda Cahangir Qocayev gələcəkdə Bakıda “Tarqovı” kimi küçələrin sayının artırılacağını söylədi: “Buna ehtiyac var. Belə küçələr şəhərin gözəlliyinə gözəllik qatır, insanlar rahat hərəkət edir, istirahət edirlər və s. Ona görə də, Bakının gələcək inkişaf planında bütün bunlar nəzərə alınıb”.



"Zaman Azərbaycan"
Şərhlər
Sosial bölməsinin xəbərləri