Rekord sayda “Oskar” nominantı “Amerikasayağı fırıldaq” filmi Bakıda nümayişinə başlanıb
- 16.02.2014, 16:36,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda ilk dəfə və ancaq Park Cinema kinoteatrlarında baş rollarda Kristian Beyl, Bredli Kuper və Cenifer Lourensin çəkildiyi və 10 nominasiya üzrə “Oskar” mükafatına irəli sürülən “Amerikasayağı fırıldaq” gərgin süjet xətli kriminal komediyasının nümayişinə başlanıb. Bu barədə Live.az-a Park Cinema kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev məlumat verib.
Namiq Quliyev bildirib ki, rejissor Devid O.Rasselin çəkdiyi filmin süjeti gerçək həyatda baş verən hadisələrə əsaslanır. Filmdə ötən əsrin 70-ci illərində ABŞ-da Federal Təhqiqat Bürosunun həyata keçirdiyi xüsusi əməliyyatdan bəhs olunur. Filmin baş qəhrəmanları – iki nəfər maliyyə fırıldaqçısı (Kristian Beyl və Emi Adams) özlərini ədalət məhkəməsindən xilas etmək üçün xüsusi agentlə (Bredli Kuper) əməkdaşlıq etmək məcburiyyətindədirlər. Filmin qəhrəmanları konqresmenlər və nüfuzlu mafiya başçıları ilə əlaqələr quraraq çoxlu sayda korrupsiya sxeminin üstünü açırlar.
Park Cinema kinoteatrlar şəbəkəsinin direktoru bildirib ki, “Amerikasayağı fırıldaq” artıq ən yaxşı komediya filmi kimi “Qızıl qlobus”a layiq görülüb, Cenifer Lourens və Emi Adams isə bu ekran əsərində canlandırdıqları obrazlara görə müvafiq olaraq “Ən yaxşı ikinci plan qadın rolu” və “Ən yaxşı komediya aktrisası” kateqoriyalarında bu mükafata yiyələniblər. “Bundan əlavə, ABŞ Kinoaktyorları Gildiyası filmin aktyor heyətini 2013-cü ilin ən yaxşı heyəti adlandırıb.
“Amerikasayağı fırıldaq” filminin hansı “Oskar”ları alacağı isə martın 2-də məlum olacaq”, - deyə Park Cinema kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev qeyd edib.