Drezdenin ictimai nəqliyyatında Xocalı soyqırımına həsr olunmuş videoçarx nümayiş etdirilir -
- 17.02.2014, 19:20,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Almaniyada yaşayan azərbaycanlılar bu ölkənin ictimaiyyətini 22 il əvvəl ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqırımı haqda məlumatlandırmaq məqsədilə müxtəlif tədbir və aksiyalar keçirir.
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Almaniyada Saksoniyanın inzibati mərkəzi olan Drezden şəhərində fəaliyyət göstərən Alman Azərbaycan Dostluq Cəmiyyəti Drezdendə şəhərdaxili və şəhərətrafı istiqamətlərdə hərəkət edən ictimai nəqliyyat vasitələrində (avtobus və tramvaylarda) Xocalı soyqırımını əks etdirən çarxların nümayişini təşkil edib. Nəqliyyat vasitələrində quraşdırılmış monitorlarda fevralın 15-i və 16-da hər gün 24 saat ərzində hər 5 dəqiqədən bir 20 saniyəlik Xocalı videoçarxı göstərilib. Videoçarxda Azərbaycan bayrağı fonunda Xocalı və faciənin baş verdiyi tarix 26.02.1992 yazılır. Daha sonra „Azərbaycan Ermənistan Dağlıq Qarabağ münaqişəsi zamanı Xocalı faciəsinin qurbanlarını anır“, „Qətlə yetirilənlər: 613. Uşaqlar: 83. Ailə: 8“, „Azərbaycana qarşı insanlıq faciəsi“ yazıları bir-birini əvəz edir. Videoçarxın nümayişi fevralın 25, 26 və 27-də də gün ərzində davam etdiriləcək.
Bu aksiya ilə yanaşı, Drezdendə Xocalı soyqırımında həlak olanların xatirəsinin anım mərasimi də təşkil olunub. Tədbirdə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Alman Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ağahüseyn Babayev qətliam haqqında qonaqlara ətraflı məlumat verib.
Daha sonra tədbirdə Saksoniyanın Xaricilərlə İş üzrə Şurasının deputatı, həmyerlimiz Azad Məmmədov və xanımı D.Weisgerber almanca çıxış edərək Xocalı soyqırımının dünyaya tanıdılmasının və qəbul etdirilməsinin vacibliyini vurğulayıblar. Onlar həmçinin hazırda işğalçı Ermənistanın başında duran Sarkisyanın bu soyqırımında bilavasitə iştirakı və törətdiyi insanlığa sığmayan cinayət əməllərini qəhrəmanlıq kimi qələmə verməyi qəti şəkildə pisləyiblər.
Qeyd edək ki, Xocalı qurbanlarının xatirə gecəsində Almaniyada yaşayan soydaşlarımızla yanaşı, alman ictimaiyyətinin nümayəndələri və digər xalqların təmsilçiləri də iştirak edib.