Azərbaycan iqtisadiyyatına azı 500 min manat investisiya qoyan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkədə müvəqqəti qala bilərlər

Azərbaycan iqtisadiyyatına azı 500 min manat investisiya qoyan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkədə müvəqqəti qala bilərlər.


APA-nın xəbərinə görə, bu barədə Milli Məclisdə bu gün birinci oxunuşda qəbul edilən Miqrasiya Məcəlləsində bildirilir.



Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlar dəyişdikdə və ya icazə vəsiqəsi itirildikdə, onlar bu barədə 10 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına məlumat verməli və icazə vəsiqəsinin yenidən rəsmiləşdirilməsi və ya ləğv edilməsi üçün ərizə təqdim etməlidirlər.



Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda, ölkə iqtisadiyyatına azı 500 min manat məbləğində investisiya qoyduqda, Azərbaycan ərazisində azı 100 min manat dəyərində daşınmaz əmlakı və ya banklarında həmin məbləğdə pul vəsaiti olduqda, iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda, Azərbaycan ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda, xarici hüquqi şəxsin Azərbaycandakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini (3 müavindən artıq olmamaq şərti ilə) vəzifəsini tutduqda, Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda, Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün bu Məcəllə ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda, ali və orta ixtisas təhsil müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil aldıqda, dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olduqda, Azərbaycanın beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda, onların Azərbaycan ərazisində müvəqqəti yaşaması üçün icazə verilir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri