Azərbaycanda internet portallarında şəxsi təhqir və böhtan atmağa görə cəzalar sərtləşdirilir.
Trend-in məlumatına görə, Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən, internet portallarında da şəxsi təhqir və böhtan atmağa görə cəzalar sərtləşdiriləcək.
Dəyişikliklər barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulan əməllərə görə cəzalar internet informasiya vasitələrində yayılan məlumatlara görə də tətbiq olunacaq.
Bu qanun pozuntusuna görə, 100 manatdan 500 manatadək cərimə, 240 saatadək müddətə ictimai işlərə, 1 ilədək müddətə islah işlərinə və ya 6 ayadək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulur. Ağır hallarda isə 3 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur.
Birinci vitse-spiker Ziyafət Əsgərov çıxışında deyib ki, Avropa İttifaqına daxil olan ölkələrin cəmi bir neçəsində "Diffomasiya haqqında" qanun var:
"Diffomasiya haqqında" qanun bizim Avropa Şurası qarşısında öhdəliyimiz deyil. Elə yaxşı qanundursa, Avropa İttifaqı bizə nümunə göstərsin. Sadəcə bizə bunu təklif ediblər. Amma mənim fikrimcə, Azərbaycan cəmiyyəti buna hazır deyil".
Millət vəkili Qüdrət Həsənquliyev isə internetdə böhtan və təhqirə görə məsuliyyətin artırılmasını anlaşılmaz adlandırıb:
"Biz sivil dünyanın bir hissəsinə çevrilirik. Bir neçə il əvvəl fərqli düşünsəm də, hesab edirəm ki, artıq diffomasiya ilə bağlı qanunu qəbul edə, Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələrini ləğv edə bilərik".
Spiker Oqtay Əsədov çıxışında deyib ki, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər xəbərdaredici xarakter daşıyır və bəzi insanları tərbiyyəyə səsləyir:
"Məcəllələrə dəyişikliklərin əsas məğzi internetdə yazı dərc edənləri mədəniyyətə çağırışdır".