BDU-da təhsil alan 3200-ə yaxın tələbənin akademik borcu var
- 21.02.2014, 19:48,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Bu gün Bakı Dövlət Universitetində təhsil alan 20 minə yaxın tələbədən 3200-ə yaxınının akademik borcu var. Əgər onlardan bəziləri ödəniş haqqı istəsə, bu hardasa 180 tələbəni əhatə edir. Bunun əvəzində təqribən 20-40 manat çərçivəsində pul ödənilsə, universitetin büdcəsi üçün elə bir böyük pul da deyil. Onun üçün belə bir ajiotajın yaranmasına gərək yoxdur”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib. O bildirib ki, dünyada olan qaydalara əsasən tələbənin akademik borcu qalanda onların 95%-i üçün yay məktəbləri təşkil edilir. Tələbələrin yay tətilinin 1 ayını əlavə vaxt götürərək kredit ödədiklərini deyən A. Məhhərəmov vurğulayıb ki, Azərbaycan mühitində əsgərlik məsələsi, ailə qurma və digər səbəblər olduğundan tələbələr ali məktəbi tez qurtarmağa cəhd edirlər: “Hökumətimiz də onlara kömək olmaq üçün yay məktəbindən başqa imkan yaradır ki, arada bu kreditini ödəyə bilsin. Dövlətin müvafiq qanunu var və biz də bununla işləməliyik. Tələbələr də bunu icra etməlidir. Biz elə etməliyik ki, tələbə təkcə təhsil yox, eyni zamanda müasir düşüncəli təlim alsın”.
BDU rektoru qeyd edib ki, bəzən tələblərin aparılan islahatları əsaslı şəkildə başa düşməməsi səbəbindən müəyyən fikirlər formalaşır. İstənilən ali məktəbin qanunlarla fəaliyyət göstərdiyini deyən A.Məhərrəmov vurğulayıb ki, qanunu heç kim poza bilməz: “Bakı Dövlət Universiteti dövlətin ali təhsil müəssisədir. Burada nə tələbələrdən artıq ödəniş haqqı tələb etmək olar, nə də qanun varsa, ondan kənara çıxmaq. Əgər ödənişi həyata keçirməsə, dövlətin müvafiq strukturları yoxlayarkən deyəcək ki, dövlətin qərarını niyə vaxtında icra etmirsiniz? Əgər Nazirlər Kabinetinin qərarını pozarıqsa, buna qarşı biz məsuliyyət daşıyırıq. Hər bir anda düşünürük ki, prosesi tələbənin xeyrinə yönəldək”.