Dünya şöhrətli tenor Alessandro Safina Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış edib
- 22.02.2014, 01:19,
- Mədəniyyət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
İtaliyanın dünya şöhrətli opera və estrada müğənnisi, tenor Alessandro Safina Heydər Əliyev Mərkəzində solo konsert proqramı ilə çıxış etmişdir.
LiVe.Az xəbər verir ki, məşhur ifaçını Belarus Respublikası Prezident Orkestrinin bədii rəhbəri Viktor Babarikinin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət etmişdir.
Alessandro Safina Bakıda təşkil olunan ilk konsertində tamaşaçılara unudulmaz anlar yaşatmışdır. O, iki saatlıq konsert proqramında azərbaycanlı pərəstişkarlarına “Incanto”, “Memories”, “Luna”, “Besame Mucho”, “La Nave Va”, “Al Di La” və digər məşhur mahnılarını təqdim etmişdir.
A.Safina çıxışında bildirib ki, bu, onun Azərbaycana ilk səfəridir və Bakının möhtəşəmliyinə, gözəlliyinə valeh olub. Məşhur ifaçı azərbaycanlıların çox qonaqpərvər olduqlarını qeyd edərək, audutoriyanın ona xüsusi zövq verdiyini bildirib.
Dünya şöhrətli tenorun konserti tamaşaçıların sürəkli alqışları ilə başa çatmışdır.
Erkən yaşlarından musiqini öyrənməyə başlayan Alessandro Safina 17 yaşında Florensiyada konservatoriyaya daxil olmuş, Avropanın müxtəlif ölkələrində məşhur operalarda əsas partiyaları ifa etmişdir. O, klassik və populyar musiqi janrlarını sintez etməklə sənətdə “opera roku” adlandırılan yeni üslub yaratmışdır. Müğənni dünyanın ən məşhur konsert salonlarında - Mantovadakı “Teatro Bibiena”da, Londondakı “Barbican Hall”da və digərlərində uğurla çıxış etmişdir. Müğənninin “Luna” sinqlının yer aldığı diski isə Yer kürəsində milyonların qəlbini fəth etmişdir.
Foto: AzərTAc