Azərbaycan Dillər Universitetinin prorektoru vəfat edib

Azərbaycan Dillər Universitetinə (ADU) və Azərbaycan təhsilinə ağır itki üz verib.

ADU Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, universitetin Tədris işləri üzrə prorektoru, professor Natiq Yusifov 66 yaşında dünyasını dəyişib.
Natiq Mustafa oğlu Yusifov 1948-ci ildə iyunun 8-də Qəbələ rayonunun Həmrəli kəndində anadan olub. İbtidai və səkkizillik təhsilini 1955-1963-cü illərdə Həmrəli kənd orta məktəbində alıb. Təhsilini rayon orta məktəbində davam etdirib və XI sinfi bitirib. 1966-cı ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun İngilis dili şöbəsinə daxil olub, 1971-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib. İnstitut Elmi Şurasının qərarı ilə elə həmin ildən institutda İngilis dili müəllimi kimi işləməyə başlayıb. 1975-1978-ci illərdə həmin institutun aspiranturasında German Dilləri ixtisası üzrə təhsil alıb və 1985-ci ildə Pyatiqorsk Dövlət Xarici Dillər İnstitutunda German Dilləri ixtisası üzrə “İngilis dilində səs təqlidi sözlərin struktur-semantik təhlili” mövzusunda dissertasiya müdafiə edərək, f.e.n. alimlik dərəcəsi alıb. 1986-cı ildə 1№li Leksika kafedrasının dosenti seçilib. 1991-ci ildən 2000-ci ilin aprelinə qədər 2 №li İngilis dili kafedrasının müdiri və İngilis dili və Regionşünaslıq fakültəsinin dekanı vəzifələrində çalışıb. 2000-ci ilin aprelindən indiyədək ADU-nun Tədris işləri üzrə prorektoru vəzifəsində işləyib.
N.Yusifov 45-dən çox məqalə, dərs vəsaiti, proqram və lüğətin müəllifidir. ADU-nun İngilis dilinin leksikologiyası kafedrasının professorudur. O, 2000-ci ildən Avropa Şurasının Ali Təhsil Komitəsində Azərbaycan Təhsil Nazirliyinin nümayəndəsi kimi də təmsil olunub.
Şərhlər
Hadisə bölməsinin xəbərləri