Müğənni Roza Zərgərli özbək ifaçı Ziyad İşanxocayevlə oxuduğu “Tı i ya” (“Sən və mən”) mahnısına çəkdirdiyi klipinin təqdimatını edib.
Roza Zərgərli tədbirə köhnə model “Volqa” markalı maşınla gəlib.
Erotik səhnələrin yer aldığı ekran işi haqda danışan Roza klipin iki versiyada hazırlandığını deyib:
“Birinci variant yerli telekanallarımız üçün nəzərdə tutulub. Çünki bizdə açıq-saçıq səhnələrə icazə verilmir. İkinci versiya isə Rusiyada yayımlanacaq. Hər kəsi erotik səhnələri mənim oynayıb-oynamadığım maraqlandırırdı. İndi hamıya aydın oldu ki, bu epizodlarda mən yox, başqası rol alıb”.
Qeyd edək ki, klipin bəzi hissələrini Daşkənddə Hollivud rejissoru, klipmeyker Bahodir Yuldaşev, geri qalanını isə həmyerlimiz Elşən Babayev çəkib. Obrazlar üzərində modelyer Gülnarə Xəlilova, stilistlər Anar Ağakişiyev, Ruslan və vizajist Ramilə işləyiblər.
Təqdimat mərasiminə şoumen Murad Dadaşov, müğənni Nadir Qafarzadə, Emma Ələkbərzadə, Elnur Məmmədov, Aysel Əlizadə, Emil Bədəlov, rəqqasə Fatimə Fətəliyeva, Aşıq Samirə Əliyeva, prodüser Təranə Səmədova, aparıcı Murad Arif, Vüsalə Kərimova və başqaları qatılıb.