Krımda gərginlik artır

Simferopol şəhərində - Ukraynanın Krım Muxtar Respublikası parlamentinin binası qarşısında yerli tatarların Ukraynanın ərazi bütövlüyünə dəstək aksiyası davam edir.

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, binanın qarşısında Rusiyameylli qüvvələrin – yerli kazak təşkilatlarının və “Russkoye yedinstvo” (Rus birliyi) Partiyasının mitinqi də keçirilir. Toplaşanların ümumi sayının 7-10 min nəfər olduğu bildirilir.

Parlamentin binasını çoxlu sayda milis əməkdaşı mühafizə edir. Onlar binanın içərisindədir. Binanın əsas qapısından içəriyə yalnız deputatlar və hüquq-mühafizə orqanlarının əməkdaşları buraxılır.

Krım parlamentinin deputatları – Krım Tatar Məclisinin lideri Refat Çubarov və “Russkoye yedinstvo”nun rəhbəri Sergey Aksenov mitinqçilərin qarşısına çıxaraq insanları sakitliyə çağırıblar. Onlar bildiriblər ki, bir azdan Regionlar Partiyasının fraksiyasının iclası başlayacaq və parlamentin sessiyasının təxirə salınması məsələsinə baxılacaq. Qeyd edək ki, tatarlar parlamentin sessiyasının təxirə salınmasını və Ukraynanın ərazi bütövlüyünün qorunmasını tələb edirlər.
Şərhlər
Dünya bölməsinin xəbərləri