«Qazprom» Ukraynanı qiymət endirimi ləğv etməklə hədələyib

Rusiyanın “Qazprom” konserni borclarını ödəmədiyi təqdirdə, Ukraynanı qazın qiymətinə olan endirimi ləğv edəcəyi ilə hədələyib.

APA-nın məlumatına görə, bu haqda RİA Novosti Rusiya şirkətinin nümayəndəsi Serqey Kupriyanova istinadən xəbər yayıb.

“Görünür, qazın qiymətinin bu cür ödənilməsi və öhdəliklərinin yerinə yetirilməsi ilə Ukrayna hazırda qazın qiymətinə olan endirimi saxlamaya bilər”, - deyə S. Kupriyanov bildirib.

O xatırladıb ki, endirim haqda razılaşma ödənişlərin vaxtında edilməsini nəzərdə tuturdu. Şirkət nümayəndəsi əlavə edib ki, onların Ukrayna ilə münasibətləri “yaxşıdır”.

Şirkətin məlumatına görə, Kiyevin qaza olan borcu 1,54 mlrd. dollardır. Həmçinin cari qaz nəqlinin ödənişi də edilməyib.

“Qazprom”da eyni zamanda qeyd ediblər ki, Rusiya qazının Avropaya nəqli fasiləsiz olaraq həyata keçir.

2014-cü ilin fevral ayında qaz nəqlinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə eynidir.

Qaza olan borcunu Kiyevə Moskva bu ilin yanvar ayında xatırladıb. Ukrayna hökuməti borcun bir hissəsini ödəyib.

Qeyd edək ki, Ukrayna Rusiya qazına görə endirimi 2013-cü ilin dekabrında Vladimir Putinlə Viktor Yanukoviçin görüşü zamanı əldə edib. Razılığa əsasən, yeni ildən Kiyev yanacağın 1000 kub metrinə görə 400 dollar əvəzinə, 268 dollar ödəyir. Endirim müddəti haqda isə heç bir məlumat verilməyib. Həmin vaxt Rusiya Ukraynaya 15 mlrd. dollar kredit də təqdim edib. Lakin hazırda Rusiya kreditin verilməsini dayandırıb.

Xatırladaq ki, Ukraynada fevral ayının sonunda hakimiyyət dəyişikliyi baş verib. Ölkənin Ali Radası prezident Viktor Yanukoviçi hakimiyyətdən uzaqlaşdıraraq, Arsen Yasenyukun rəhbərliyi ilə yeni hökumət qurub. Prezident səlahiyyətlərini isə Ali Radanın yeni spikeri Aleksandr Turçinov icra edir.

Bu il may ayına ölkədə növbədənkənar prezident seçkiləri də təyin edilib. Bu, Kiyevdə müxalifət tərəfdarları ilə milis arasında baş verən silahlı toqquşmadan sonra baş verib. Həmin olaylar zamanı 94 nəfər həlak olub.
Şərhlər
Dünya bölməsinin xəbərləri