"Atletiko" klubu ilə Azərbaycan arasında əməkdaşlıq sazişinin müddəti daha bir il artırıldı
- 02.03.2014, 15:57,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Martın 1-də İspaniyanın paytaxtı Madrid şəhərindəki "Visente Kalderon" stadionunda "Atletiko" (Madrid) klubu ilə Azərbaycan arasında strateji əməkdaşlıq sazişinin müddətinin daha bir il artırılması ilə bağlı təntənəli mərasim keçirilib.
Trend "Bakı" futbol klubunun saytına istinadən məlumat verir ki, mərasimdə çıxış edən "Atletiko" klubunun prezidenti Enrike Serezo bu layihə və ümumilikdə Azərbaycan barədə maraqlı fikirlər səsləndirib. O bildirib ki, bu layihə dünya futbol aləminə yenilik gətirib və ilk dəfə olaraq hansısa bir marka və ya məhsul yox, məhz ölkə təbliğ olunmağa başlayıb. Bu layihə ilə yüz minlərlə insan güclü iqtisadiyyata və qədim mədəniyyətə malik Azərbaycanı yaxından tanıyıb: "Futbol xalqların yaxınlaşmasına xidmət etməklə dünyada sülhü təbliğ edir. Bizim əməkdaşlığımız bunun gözəl bir nümunəsidir. Cəmi 1 il ərzində biz Azərbaycanı dünyada layiqli şəkildə tanıtmağa çalışdıq. Bunun nəticəsi olaraq Azərbaycan-İspaniya ticarət palatası yaradıldı".
"Atletiko"nun əsas heyəti ilə Azərbaycana səfərini də xatırlayan klub prezidenti Bakının gözəlliyinə, insanların xeyirxahlığı və mehribanlığına heyran qaldıqlarını vurğulayıb.
Sonra "Atletiko"ilə "Bakı" klubu arasındakı əməkdaşlığı əks etdirən videçarx nümayiş olunub.
Daha sonra çıxış edən "Bakı" futbol klubunun icraşı direktoru Yaşar Seyidov bu layihənin "Bakı" klubunun və ümumilikdə Azərbaycan futbolunun inkişafına təkan verdiyini diqqətə çatdırıb.
Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev Azərbaycan-İspaniya əlaqələrinin bugünkü vəziyyəti barədə danışaraq qeyd edib ki, bu il çox əhəmiyyətli qarşılıqlı səfərlərlə yadda qalacaq. O, tədbir iştirakçılarına Azərbaycanın iqtisadiyyatı, mədəniyyəti və idman həyatı barədə məlumat verib. "Land of fire - Azerbaijan" layihəsinin ölkəmiz üçün əhəmiyyətini bir daha nəzərə çatdırıb.
Tədbirin sonunda "Atletiko"nun prezidenti, baş məşqçisi, əsas heyəti və azərbaycanlı qonaqlar klubun rəmzi köynəyini imzalayıblar.
Xatırladaq ki, 2013-cü il fevralın 1-də imzalanmış razılaşmaya layihəyə əsasən, "Atletiko" klubunun oyunçuları sinələrində "Land of fire - Azerbaijan" loqosu ilə meydana çıxırlar. Razılaşmaya əsasən, 3 il ərzində azərbaycanlı futbolçular "Atletiko" klubunun futbol akademiyasında təlimlər və yoldaşlıq görüşləri keçirirlər. Hazırda 16 yaşlılardan ibarət yığmamızın heyəti "Atletiko"nun dəvəti ilə Madriddə təlim-məşq toplantısındadır.