Respublika Seysmoloji Xidmət Mərkəzi Qəbələdə ardıcıl zəlzələlərin baş verməsinə münasibət bildirib

“Fevralın 26-dan bu günə kimi Qəbələdə, Vəndama yaxın ərazidə zəlzələlər seriyası başlayıb. Həmin vaxtdan indiyə kimi Qəbələdə 6-7 belə təkan baş verib, onlardan 3-ü hiss olunub”.

Bunu APA-ya açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli Qəbələdə ardıcıl zəlzələlərin baş verməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu gün yerli vaxtla saat 08:16:14-də baş verən zəlzələnin maqnitudası daha yüksək – 3,8 olub və episentrdə 4 bala kimi hiss olunub.

Q. Yetirmişli qeyd edib ki, zəlzələ ocağında qırılıb düşmə, yerdəyişmə kimi hərəkətlər müşahidə olunur: “Yeraltı təkanların baş vermə səbəbləri dərinlik qırılmaları ilə əlaqədardır. Belə ki, uzununa Daşgil - Mədrəsə və ortoqonal Çaxırlı - Qəbələ qırılmalarının təsir zonasında zəlzələ ocaqları yerləşir. Onların da hərəkəti nəticəsində bu zəlzələlərin baş verməsi müşahidə olunur”.
Şərhlər
Sosial bölməsinin xəbərləri