Azərbaycan Rusiyadan neft tranziti haqqında müqavilənin fəaliyyətinin dayandırılması ilə bağlı bildiriş almayıb

Azərbaycan Rusiyadan neft tranziti haqqında müqavilənin fəaliyyətinin dayandırılması ilə bağlı bildiriş almayıb Azərbaycan Rusiyadan Bakı-Novorossiysk kəməri ilə RF ərazisi vasitəsilə Azərbaycan neftinin tranziti haqqında müqavilənin fəaliyyətinin dayandırılması ilə bağlı rəsmi bildiriş almayıb. Bu barədə Trend-ə ARDNŞ-dəki (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) mənbə bildirib.

"Azərbaycan bu barədə heç bir rəsmi məlumat almayıb", - şirkət nümayəndəsi bildirib.
Daha əvvəl Rusiyanın "Praym" agentliyi sənədlə tanış olan adı çəkilməyən mənbəyə istinadən bildirib ki, may ayının 5-də Rusiyanın Baş naziri Dmitri Medvedev 1996-cı ildə bağlanan müqavilənin fəaliyyətinin dayandırılması barədə sərəncam imzalayıb.

"Transneft" şirkətinin mətbuat katibi İqor Dyomin Trend-ə bildirib ki, 2014-cü ilin əvvəlindən Azərbaycan neftinin Bakı-Novorossiysk boru kəməri ilə tranziti təsərrüfat subyektləri arasında yeni razılaşma əsasında həyata keçirilə bilər.

"İlin sonuna kimi Azərbaycan neftinin tranziti hökumətlərarası razılaşma əsasında bağlanmış müqavilə üzrə həyata keçiriləcək, növbəti ildən isə hazırlığı üçün kifayət qədər vaxt olan yeni müqavilə əsasında işlərin başlanmasına imkan var. Yəni biz siyasi sənəddən uzaqlaşmaqda heç bir pis hərəkət görmürük və iki təsərrüfat subyekti kimi işləyəcəyik". - o deyib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri