Dəmir yolunun Pirsaat - Nəvahi mənzilində 14 km yol əsasli təmir olunur
- 15.05.2013, 12:17,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Mayın 15-dən 30-dək Bakı-Böyük Kəsik istiqamətində dəmir yolunun Pirsaat - Nəvahi mənzilində 14 kilometr yol əsaslı təmir olunacaq. Bu gün artıq səhər saatlarında köhnə yolun xeyli hissəsi sökülüb.
Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamı sürətlə icra olunur. Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.
Qeyd edək ki, Dövlət Proqramının icrası çərçivəsində əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib və bu günə kimi 227,5 kilometr yol əsaslı təmir olunub. Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisəsləri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir. İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan kilometrlərin təmir ardıcıllığı siyahısı hazırlanıb və işlər bu ardıcıllığa uyğun həyata keçirilir. Yolların əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu müşahidə edir.