Mingəçevir Su Anbarı seysmik baxımdan ən təhlükəli ərazilərdən biridir

Mingəçevir Su Anbarı seysmik baxımdan ən təhlükəli ərazilərdən biridir Mingəçevir Su Anbarı Azərbaycan üçün seysmik baxımdan ən təhlükəli ərazilərdən biridir. Trend-in məlumatına görə, bunu bu gün AMEA-nın Rəyasət Heyətində keçirilən tədbirdə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, bu anbarın altından zəlzələ ocaqları, dərinlik qırılması keçir.

Yetirmişli bildirib ki, 2010-cu ildə Kür çayında suyun səviyyəsinin yüksəlməsi zamanı daşqının qarşısını almaq üçün Mingəçevir bəndinin ağzı bağlanılıb: "O zaman anbarın dolmasına cəmi 70 sm qalmışdı. Seysmik təhlükə olduğu üçün bənddə suyun səviyyəsini bundan yuxarı qaldırmaq olmaz. Həmin vaxt yeraltı təkanların sayı artmağa başladı. Bundan sonra suyu buraxmağa başladılar. Seysmoloq kimi deyirəm ki, Mingəçevir Su Anbarı çox təhlükəlidir".

Fövqəladə Hallar Nazirliyinin İnfrastrukturun İnkişafı Baş İdarəsinin rəisi Tariel Hüseynov bildirib ki, Mingəçevir Su Anbarında 4 baldan yuxarı olan zəlzələlərin sayı artıb. Əslində isə dünyada su anbarlarında seysmik təhlükəliliyə görə təkanlar 1 baldan yuxarı olmamalıdır. Hüseynov deyib ki, Mingəçevir Su Anbarı ilə yanaşı, Şəmkir, Yenikənd su anbarları ilə bağlı da kompleks tədqiqatlar aparılmalıdır.

AMEA prezidenti Akif Əlizadə isə deyib ki, 60 ildən artıq istifadədə olan Mingəçevir su hövzəsində ciddi tədqiqatlar aparılmalıdır. Çünki 60 il ərzində orada müxtəlif geoloji, tektonik, geodinamik dəyişikliklər baş verib. Bu tədqiqatlar AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi, Geologiya İnstitutu və FHN ilə birlikdə aparılmalıdır.
Şərhlər
Sosial bölməsinin xəbərləri