Bakıda beynəlxalq avtomobil sərgisi keçiriləcək

Bakıda Azərbaycanın avtomobil həvəskarları üçün nəzərdə tutulmuş Bakı Beynəlxalq Motor Şou (BİMS-2014) sərgisi keçiriləcək.

Səginin əsas təşkilatçısı olan «Iteca Caspian» şirkətindən APA-ya verilən məlumata görə, mayın 15-də keçiriləcək Xəzəryanı regionunun ən böyük avtomobil sərgisi, yerli və xarici avtomobil istehsalçıları, habelə avadanlıqları və komplektləşdiricilərinin dünya şöhrətli brendlərinin distribyutor və dillerlərini bir araya gətirəcək.

Tədbir həmçinin hakimiyyət orqanlarının nümayəndələri, sənaye müəssisələrinin rəhbər və mütəxəssisləri, bank və sığorta sahələrinin nümayəndələri, avtotəmir və avtoservis sahibləri tərəfindən ziyarət olunacaq. Layihəyə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) tərəfindən rəsmi dəstək göstərir.

Qeyd edək ki, «BİMS-2014» sərgisində 100-dən artıq şirkətin iştirakı gözlənilir. Bu siyahıda Azərbaycan, Almaniya, Polşa, Rusiya və s. ölkələrin şirkətləri var. Sərgidə üç böyük sektor – avto-moto nəqliyyatı, kommersiya nəqliyyatı və avtomobil hissələri və aksessuarlar təmsil olunacaq.

Builki sərgidə dünya şöhrətli şirkətlərin distribyutorları ilə yanaşı, yerli istehsalçı – Naxçıvan Avtomobil Zavodu (NAZ) da iştirak edəcək.
Şərhlər
Avtomobil bölməsinin xəbərləri