Viktor Yanukoviç: “Mən Ukraynanın prezidenti və ali baş komandanıyam”

Mən Ukraynanın prezidenti və ali baş komandanıyam.

APA-nın məlumatına görə, bunu Rostov-na-Donu şəhərində jurnalistlər qarşısında çıxış edən Viktor Yanukoviç bəyan edib.

Ukraynanın sabiq prezidenti ölümü haqda yayılan məlumatları təkzib edib: “Mən sağ-salamatam. Lakin özümü yaxşı hiss etdiyimi deyə bilmərəm, çünki Ukraynada baş verənləri həyəcanla izləyirəm. ABŞ və bəzi ölkələr deyir ki, mən prezident kimi legitim deyiləm və ölkədən qaçmışam. Heç bir yerə qaçmamışam”.

Yanukoviç qeyd edib ki, mütləq Kiyevə qayıdacaq. Onun sözlərinə görə, Ukraynada mayın sonuna planlaşdırılan prezident seçkiləri qeyri-qanunidir.

Sabiq prezident Ukraynanın yeni hakimiyyətini quldur rejimi adlandırıb və beynəlxalq ictimaiyyəti onları tanımamağa çağırıb. V.Yanukoviç həmçinin ABŞ Konqresinə və Senatına müraciət edəcəyini deyib. O, Obama administrasiyasının Ukrayna ilə bağlı siyasətinə qiymət verilməsini istəyəcək.

V.Yanukoviç həmçinin bildirib ki, Ukraynada faşistlər artıq prezidentliyə iddia edirlər: “Kievdə və digər regionlarda vəziyyət gərgin olaraq qalır. Şəhərlərdə qara maskalılar əllərində silahla gəzirlər. Mən onların arxasında duran qara qüvvələrdən, Qərb ölkələrindən soruşmaq istəyirəm: siz faşizmi unutmuzunuz? Mənə təminatla bağlı söz verən Qərb ölkələrinin nazirlərindən heç olmasa Ukrayna xalqına təminat verilməsini istəyirəm”.
Şərhlər
Dünya bölməsinin xəbərləri