Azərbaycan ərazisinin GPS texnologiyası ilə geodinamik şəraitinə dair tədqiqatlar aparıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu GPS (qlobal yertəyinetmə sistemi) texnologiyası ilə ölkə ərazisinin geodinamik şəraitinə dair tədqiqatlar aparıb və mühüm nəticələr əldə edib.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, AMEA prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin iclasında bildirib ki, işlər 1998-ci ildən etibarən ABŞ-ın Milli Elm Fondunun dəstəyi ilə həyata keçirilir: “Araşdırmalar “Ərəbistan-Avrasiya kolliziya zonasının kontinental deformasiyalarının interpretasiyası” layihəsi çərçivəsində Massaçusets Texnologiya İnstitutu ilə birgə aparılır”.

Sonra Geologiya və Geofizika İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov və müəssisənin aparıcı elmi işçisi, “Gənclər üçün Prezident Mükafatı” laureatı Rafiq Səfərov “Azərbaycan ərazisinin GPS məlumatları əsasında müasir kinematikası və gərginlik analizi” mövzusunda məruzə ilə çıxış ediblər.

Qeyd olunub ki, peyk vasitəsilə aparılan tədqiqatlar nəticəsində GPS şəbəkəsində horizontal hərəkətlərin paylanma qanunauyğunluqları öyrənilib və müasir geodinamik şərait haqqında yeni məlumatlar əldə edilib.

Məruzə müzakirə və sual-cavablardan sonra Rəyasət Heyətinin qərarı ilə bəyənilib, Respublika Seysmoloji Xidmət Mərkəzi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə birgə tədqiqat proqramı hazırlamaq tövsiyə olunub.
Şərhlər
Sosial bölməsinin xəbərləri