Krım tatarlarının lideri ilə Vladimir Putin arasında telefon danışığı olub
- 13.03.2014, 00:29,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ukrayna Ali Radasının üzvü, Krım tatarlarının lideri Mustafa Abdulcəmil Krımoğlu ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, Tatarıstanın keçmiş prezidenti Mintimer Şaymiyevin vasitəçiliyi ilə baş tutan və yarım saata yaxın davam edən telefon danışığı zamanı qərara alınıb ki, zərurət yaranarsa yenidən əlaqə saxlanılsın.
M. Abdulcəmil Ukrayna jurnalistlərinə açıqlamasında deyib ki, V. Putin Krım məsələsinin 16 mart referendumundan sonra həll olunacağını bildirib: “Putin belə bir fikir söylədi ki, Rusiyanın nə edəcəyi barədə yekun qərar 16 mart referendumundan sonra müəyyən olunacaq. Mən ona dedim ki, ən vacib məsələ bizim ölkəmizin ərazi bütövlüyüdür və bu bütövlüyün pozulması bizim nüvə silahından imtinamız müqabilində qarantor dövlətlər kimi ABŞ, Britaniya və Rusiya tərəfindən 1994-cü ildə imzalanan razılaşmaya ziddir. Qeyd etdim ki, əgər bu sənəd pozulsa, onda bu cür razılaşmalara kimsə inanmayacaq və maliyyə imkanı olan hər dövlət özünün nüvə silahını yaratmağa çalışacaq, Ukrayna da bu baxımdan istisna olmayacaq. Putin isə bu mövzuda belə bir fikir irəli sürdü ki, Ukraynanın öz müstəqilliyini elan etməsi respublikaların SSRİ-nin tərkibindən çıxmasını nəzərdə tutan sovet normalarına uyğun baş verməyib”.
M. Abdulcəmil Krımdakı referendumun dünya ictimaiyyəti tərəfindən tanınmayacağını V. Putinin nəzərinə çatdırıb. “Krımın Rusiya tərəfindən ilhaq edilməyəcəyi ehtimalı varmı” sualına M. Abdulcəmil belə cavab verib: “O, belə bir şey söyləmədi. Dedi ki, mənim toxunduğum məsələlərin həlli ilə bağlı qərarlar referendumun nəticələrindən asılı olaraq qəbul ediləcək”.
V. Putin telefon söhbətində Krımda Rusiya qoşunlarının mövcudluğunu inkar etməyib. O, Krım tatarları ilə hər hansı gərginliyin yaranmaması üçün göstəriş verdiyini açıqlayıb. M. Abdulcəmilin sözlərinə görə, V. Putin ondan xahiş edib ki, Krım tatarları münaqişəyə qarışmasın, belə ki, onun fikrincə, Ukrayna millətçiləri və “banderaçılar” tatarları münaqişəyə cəlb etmək istəyir: “Krımın köklü əhalisi olan tatarların təhlükəsizliyinə qarantiyalar barədə danışdıq. Putin məni əmin etdi ki, XX əsrdə çox fəlakətlər yaşamış Krım tatar xalqının yeni bir faciə yaşamaması üçün mümkün olan hər şeyi edəcək. O, Krım tatarlarının yaşayış məntəqələrinə xüsusi diqqət yetirilməsi barədə göstəriş verib. Yəqin öz hərbçilərinə göstəriş verib ki, Krım tatarları ilə hər hansı toqquşma olmasın”.
V. Putin Tatarıstanın Rusiyanın tərkibində necə yaxşı yaşadığına da diqqət çəkib. “Yəqin mənə işarə vurmaq istəyirdi ki, Krım da Rusiyanın tərkibinə daxil olduqdan sonra bu cür xoşbəxt yaşayacaq”, - deyə Krım tatarlarının lideri bildirib.