Təhsil naziri tələbələrin narazılıqlarına münasibət bildirib
- 13.03.2014, 20:34,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Təhsil naziri Mikayıl Cabbarov son vaxtlar Nazirlər Kabinetinin qəbul etdiyi "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"ndan sonra yaranan narazılıqlara münasibət bildirib.
Təhsil naziri Mikayıl Cabbarov APA-ya açıqlamasında bildirib ki, ümumilikdə təhsil sistemində tələbələrlə universitetlər arasında münasibət daha sağlam, qarşılıqlı hörmətə əsaslanan olmalı, Azərbaycanın hər bir vətəndaşının hüququ dövlət məmuru, təhsil işçisi, təhsil rəhbəri tərəfindən təmin olunmalıdır.
Bunu birbaşa vəzifə borcu hesab edən M.Cabbarov qeyd edib ki, bu səbəbdən təhsil sistemində fəaliyyət göstərən insanlardan daha məsuliyyətli yanaşma tələb edilir: “Təhsil Nazirliyi olaraq biz tələbələrin hüquqlarının tam təmin olunmasına zəmanət veririk. Tələbələrə gəldikdə, onlar da unutmamalıdırlar ki, Azərbaycan hüquqi dövlətdir. Bu, yalnız və yalnız hüquqi çərçivədə baş verən bir dialoq ola bilər və olmalıdır. Nazir kimi hər zaman bu prizmadan istənilən vətəndaşın, tələbənin qanunla verilmiş hüquq və öhdəlikləri çərçivəsində davranışını qəbul edirəm. Hüquqi çərçivədən kənara çıxan heç bir addımı isə qəti şəkildə tanımırıq. Düşünürük ki, hüquqi çərçivədən kənar addımlar nə təhsil sisteminin, nə də vətəndaş cəmiyyətinin formalaşmasına xidmət edir”.
M.Cabbarov qeyd edib ki, təhsilin daimi qarşılıqlı dialoq, müzakirə, qarşılıqlı hörmətə əsaslanan proses olduğunu hər kəs hər zaman nəzərində saxlamalıdır. Onun sözlərinə görə, bu məsələyə dair Təhsil Nazirliyinin siyasəti aydındır: “Son həftə ərzində nazirliyin “Facebook” səhifəsində ali təhsilə aid olan bütün sualları (istisnasız) cavablandırmağımız öz tərəfimizdən bu dialoqa hər zaman hazır olduğumuzu, fəaliyyətimizi təhsil alanların hüquqlarının, təhsil sistemində səmərəliliyin təmin edilməsi üçün bir vəzifə borcumuz kimi gördüyümüzü sübut edir. Bu məqsədlə də işlər həyata keçiririk. O ki qaldı istiqamətə, mən əminəm ki, biz hamımız, təhsil sistemində fəaliyyət göstərənlər öz səylərimizi tərəqqiyə yönəlmiş dəyişikliklərin müzakirəsi və daha çox mənfi hallarla mübarizəyə yönəltməliyik. Bu prizmadan düşünürəm ki, diqqət mərkəzində tamamilə başqa mövzu və məsələlər olmalıdır”.