Təhsil Nazirliyinin əməkdaşları vəzifələrindən azad ediliblər

Təhsil Nazirliyinin əməkdaşları vəzifələrindən azad ediliblər Fəaliyyətlərində yol vertdikləri nöqsanlara görə təhsil sistemində çalışan bir necə nəfər vəzifəsindən azad edilib, bəzilərinin isə vəzifələri aşağı salınıb.

Trend-in Təhsil Nazirliyinin saytına istinadən vertdiyi məlumata görə, nazirlikdə aparılan struktur dəyişiklikləri ilə əlaqədar yaradılan və funksiyalarına nazirliyə daxil olmuş müraciətlər əsasında araşdırmaların aparılması həvalə edilmiş Daxili nəzarət şöbəsi tərəfindən bir sıra şikayətlər araşdırılıb. Aparılmış daxili araşdırmalar nəticəsində bır sıra faktlar aşkarlanıb və müvafiq tədbirlər görülüb.

Məlumatda bildirilib ki, vətəndaş M.Kazımovun müraciəti əsasında aparılan araşdırma zamanı şagirdlərin 1-ci sinfə qəbulu ilə bağlı prosedur qaydalarının kobud pozuntusuna yol verdiyi üçün Suraxanı rayonundakı 270 nömrəli məktəbin direktoru Talıb Rəhimov vəzifəsindən azad olunub.

Vətəndaş N.Eyvazlının müraciəti əsasında daxili işlər orqanlarına arayışın təqdim edilməsi ilə bağlı qanunvericiliklə müəyyənləşdirilmiş qaydaları pozmuş Təhsil Nazirliyinin mühafizə polisinin əməkdaşı və Xaricdə Şagird, Tələbə, Aspirant və Staj keçənlərlə İş üzrə Şuranın Katibliyinin bir əməkdaşı tutduqları vəzifədən azad ediliblər.

Vətəndaş A.Ağabəyovun müraciəti əsasında aparılmış araşdırma zamanı qulluq mövqeyindən sui-istifadə edərək tədrisdə yaranmış müvəffəqiyyətsizliklərin aradan qaldırılması üçün tələbələrə qeyri-qanuni yolla kömək göstərməyə çalışmış Bakı Dövlət İqtisadi və Humanitar Kollecinin Qiyabi şöbəsinin müdiri A.Quliyeva tutduğu vəzifədən azad olunub. Həmin kollecin direktoru və direktor müavini aşağı vəzifəyə keçiriliblər.

Nazirliyin məlumatında bildirilir ki, Təhsli Nazirliyinin əsas funksiyalarından biri təhsilin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi və vətəndaşların təhsil almaları ilə bağlı konstitusiya hüquqlarının qorunması məqsədilə təhsildə bərabər imkanların yaradılmasına nail olmaqdır. Bu baxımdan Təhsil Nazirliyi öz üzərinə düşən vəzifələrin həyata keçirilməsində sistemli yanaşmanı təmin edəcək.
Şərhlər
Sosial bölməsinin xəbərləri