Azərbaycanda yeni vaxt sisteminə keçid təklif olunur
- 19.03.2014, 00:05,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda tətbiq edilən vaxtın dəyişdirilərək Qrinviçdən 3 saat irəlidə olması, bununla bağlı hətta ayrıca qanunun qəbul olunması təklif edilir.
Azərbaycanda tətbiq olunan saat qurşağının və mart ayının son həftəsində yay vaxtına keçilməsinin insanların həyatına təsiri barədə araşdırma aparan ekspert Ceyhun Məmmədov Trend-ə bildirib ki, hazırda Azərbaycan ərazisində qış aylarında GMT+4, yay aylarında isə GMT+5 saat qurşağı tətbiq olunur. Bu hal 1957-ci ildə Azərbaycan ərazisində "dekret vaxtı"nın tətbiqi, yəni saatların bir saat irəli çəkilməsi, bunun ardınca isə 1981-ci ildə yay vaxtının tətbiq edilməsi nəticəsində yaranıb.
Onun sözlərinə görə, "dekret vaxtı"ndan və yay vaxtından imtina sahəsində 1989-cu ildə və 90-cı illərin əvvəllərində bir sıra addımlar atılsa da, son nəticədə 1997-ci ildə Nazirlər Kabinetinin qərarı ilə 1981-ci ildə yaranmış vəziyyət (status-kvo) qaytarılıb. Azərbaycanda bu qaydada tətbiq edilən saatlar (əsasən də yay vaxtı) bir sıra paradoksal vəziyyətə gətirib çıxarır: "Belə ki, biz yay vaxtı Şərqə tərəf özümüzdən qat-qat uzaqda olan Əfqanıstan, Pakistan, Özbəkistanla eyni saatda, amma bizə daha yaxın olan Mərkəzi Avropa ilə üç saat, bizimlə həmsərhəd olan Türkiyə ilə isə iki saat vaxt fərqində oluruq. Daha bir maraqlı vəziyyət odur ki, Azərbaycan ərazisində heç vaxt səhər saat 06:00-da Gunəş üfüqdə görünmür. Həmçinin diqqət yetirsəniz görərsiniz ki, müsəlmanlar üçün Azərbaycan dünyada ən gec (saat baxımından) iftar açan ölkədir. Səbəbləri araşdırsaq görərik ki, Azərbaycan ərazisində tətbiq edilən vaxt iki faktordan - coğrafi zaman qurşağı və yay vaxtının tətbiqindən asılıdır".
Ekspertin sözlərinə görə, qəbul edilmiş qaydaya əsasən, London yaxınlığındakı Qrinviçdən keçən meridian standart olaraq qəbul edilib (belə ki, yüzillik təcrübəyə əsasən, 0̊ meridian bu şəhərdən keçirdi) və Yer kürəsi hər 15̊ coğrafi dərəcədən bir olmaqla meridianlarla bərabər hissəyə bölünüb və hər növbəti hissə özündən əvvəlkindən bir saat irəlidə qeyd olunaraq 24 saatlıq zaman qurşaqları əmələ gətirib. Onilliklər ərzində müxtəlif dövlətlər bu standart zaman prinsipinə müvafiq bildikləri qaydada qoşulublar: "Məsələn, ABŞ özü standart vaxt haqqında qanunu yalnız 1918-ci ildə qəbul edib. Çin uzun müddət beş zaman qurşağından istifadə etsə də, 1949-cu ildə kommunist hökuməti bütün ölkə ərazisində paytaxt Pekində olan vaxtın tətbiqini qanuniləşdirib. Bir sıra ölkələr yarım saatlıq (İran, Hindistan, Avstraliya), hətta 15 dəqiqəlik (Nepal) fərqlə zaman tətbiq ediblər".
Araşdırmaçı qeyd edib ki, kiçik ölkələr uyğun gəldikləri coğrafi uzunluğa uyğun öz ərazilərində tətbiq olunacaq vaxtı asanlıqla müəyyənləşdirə bilirlər.
Hər hansı ölkədə tətbiq edilən vaxtın həmin ölkənin hansı meridianda yerləşməsi ilə müəyyən edildiyini nəzərə çatdıran C.Məmmədov deyib ki, əgər Qrinviçdə (0̊ meridianda) saat 12:00 olarsa, onda 15̊*n±7.5̊ enlikdə yerləşən ərazidə saat "n:00" olmalıdır. Bu hesabla, Azərbaycan 45̊ və 50̊ arasında yerləşdiyindən, yəni 15̊*3±7.5̊ hesablamasına uyğun olaraq, Azərbaycan ərazisində tətbiq edilən vaxt Qrinviçdən 3 saat irəlidə olmalıdır, yəni GMT+3 zamanı tətbiq edilməlidir.
Araşdırmaçının sözlərinə görə, yay vaxtının tətbiqi yayda günün uzanması zamanı işıqlı havadan daha səmərəli istifadəyə əsaslanır: "Amma bir məsələ də var ki, yayda hər yerdə gün sərf edəcək qədər uzanmır. Ekvatora yaxınlaşdıqca, günün qışda və yaydakı uzunluğu arasında fərq itir. Ekvator üzərində yerləşən ölkələrdə isə yayda da, qışda da günün uzunluğu dəyişməz, yəni 12 saat olur. Beləliklə də ekvatora yaxın ölkələrdə yay vaxtına keçid mənasız bir əməliyyat olur".
Ekspert xatırladıb ki, bir çox ölkələr ilk dövrlər yay vaxtını tətbiq etsələr də, sonradan ondan imtina ediblər. Ümumilikdə hazırda 66 dövlətdə tam, 10 dövlətdə qismən yay vaxtı tətbiq olunur, 128 ölkədə isə yay vaxtı ya heç vax tətbiq olunmayıb, ya da bundan sonradan imtina edilib.
C.Məmmədov bildirib ki, saatların əqrəbinin irəli-geri çəkilməsi insanların ümumi fiziki durumuna, sağlamlığına, o cümlədən ürək-damar xəstəliklərindən əziyyət çəkən insanların səhhətinə mənfi təsir edir. Bu, körpə uşaqların normal səhər yuxusu almadan məktəb və uşaq bağçalarına getməsinə, uşaqlar arasında aqressivliyin artmasına, zehni pozğunluğa və əsəb gərginliyinə də səbəb olur. Belə vəziyyət həm də ölkədə keçirilən beynəlxalq tədbirlərin (Avropa birinciliklərinin, dünya kuboklarının, beynəlxalq idman və incəsənət yarışlarının) ölkə əhalisi üçün qeyri-adekvat vaxtlarda təşkilini tələb edir: "Məsələn, Azərbaycanın sahiblik edəcəyi ilk Avropa Oyunlarının Avropada normal qaydada yayımlanması üçün oyunlar Bakıda gecə saatlarında başlanmalıdır. Bu da ciddi narahatlıqlara səbəb olan bir faktdır".
Belə problemləri nəzərə alan C.Məmmədov təklif edir ki, ilkin olaraq "dekret vaxtı" ləğv edilməlidir. 2015-ci ilin martında isə artıq Azərbaycanda yay vaxtından istifadə edib-etməyəcəyimiz barədə qərar verilməlidir: "Əgər biz "Dekret vaxtı" ilə yanaşı, yay vaxtından da imtina ediriksə, onda saatlar çəkilməməlidir. Yox əgər biz sadəcə "dekret vaxtı"ndan imtina edib yay vaxtına keçidi saxlamaq istəyiriksə, onda 2015-ci ildən başlayaraq martın sonunda saatları bir saat irəli və oktyabrın sonunda bir saat geri çəkərək buna nail olmaq olar".
Ekspert hesab edir ki, bu vəziyyət qanunvericilik qaydasında da həll edilə bilər. Milli Məclis "Azərbaycan Respublikasında tətbiq edilən vaxt haqqında" qanun qəbul edərək, ölkə ərazisində GMT+3 saat qurşağının tətbiqini və yay vaxtına keçidin (lazım bilinərsə) dövrlərini qanuniləşdirə bilər.
C.Məmmədov onu da nəzərə çatdırıb ki, sadalanan təkliflər Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının rəhbərliyi, Uşaq Haqları Birliyi tərəfindən dəstəklənir və ölkə ərazisində GMT+3 saat qurşağının tətbiqi tövsiyə olunur.