Mərkəzi Bank Azərbaycanda nağdsız ödənişlərin inkişafı üzrə VISA-nın səylərini dəstəkləyir

Mərkəzi Bank Azərbaycanda nağdsız ödənişlərin inkişafı üzrə VISA-nın səylərini dəstəkləyir Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə nağdsız ödənişlərin inkişafına istiqamətlənən "VISA International" beynəlxalq ödəmə sisteminin səylərini dəstəkləyir. Trend-in məlumatına görə, bu barədə AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev "Həyat VISA ilə rahatdır" marketinq kampaniyasının təqdimatında bildirib.

Bu istiqamətdə inkişafın ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu qeyd edən Quliyev deyib ki, hazırda Azərbaycan bankları tərəfindən təxminən 60 faizi VISA kartı olan 5 milyondan artıq plastik kart buraxılıb.

"Mərkəzi Bank VISA ilə aktiv şəkildə əməkdaşlıq edir. Bu əməkdaşlıq Azərbaycanda elektron ödənişlərin inkişafının stimullaşdırılması üzrə fəaliyyətimizin aspektlərindən biridir", - o əlavə edib.

Təqdimat mərasimində çıxış edən VISA-nın MDB və Cənub-Şərqi Avropa üzrə baş meneceri Katarjina Sosin vurğulayıb ki, VISA-nın məqsədi banklara və onların müştərilərinə sürətli və təhlükəsiz elektron ödənişlər etmək imkanı yaratmaqdan ibarətdir.

"Bundan başqa, elektron ödənişlər iqtisadiyyatın inkişafına və nağd hesablamalara söykənən "kölgə iqtisadiyyatı" ilə mübarizə aparmağa imkan verir. Bu, inkişaf edən iqtisadiyyatı olan ölkələr üçün xarakterik haldır. Tədqiqatların nəticələrinə görə, Aİ-də "kölgə iqtisadiyyatı" 2,1 trilyon avro və ya Avropa ÜDM-nin 18,5 faizini təşkil edir. Ancaq elə həmin tədqiqatlarda göstərilir ki, bu problemi elektron ödənişlərin inkişafı ilə həll etmək olar. "Moody's" reytinq agentliyinin məlumatına görə, elektron ödənişlərin bir faiz artımı iqtisadiyyatın 0,5 faiz artımı deməkdir. Biz çox şadıq ki, Azərbaycanda bunu yaxşı başa düşürlər və bu istiqamətin inkişafı üçün çox iş görülür", - Sosin bildirib.

Onun sözlərinə görə, VISA AMB ilə bu məsələ üzrə aktiv və çox səmərəli əməkdaşlıq edir.

"Bu əməkdaşlıq artıq öz bəhrəsini verir. Son bir il ərzində ölkədə ticarət obyektlərində elektron ödənişlərin səviyyəsi 51 faiz artıb və biz gələcəkdə artımın davamını gözləyirik. Biz nağdsız ödəmələrin inkişafı üçün dövlət orqanları, banklar, biznes nümayəndələri ilə əməkdaşlığa hazırıq. Bu, bizim Azərbaycan iqtisadiyyatına töhfəmiz olacaq", - Sosin bildirib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri