Murat Boz Röya ilə duet oxuya bilər

Murat Boz Röya ilə duet oxuya bilər Türkiyənin məşhur pop ulduzu Murat Boz iki gün Bakıda Heydər Əliyev sarayında möhtəşəm konsert proqramı ilə pərəstişkarlarının qarşısına çıxıb. Sevilən ifaçı konsertdən əvvəl eksklüziv olaraq ANS-ə müsahibə verib. Müsahibəni sizə təqdim edirik.

- 5 il məşhur pop star Tarkanın vokalisti kimi fəaliyyət göstərmisiniz, ilk mahnı və klip çəkilişinizin ərsəyə gəlməyində onun köməyi çox olub. Onun adı ilə tanınmaq sizə maneə törətmir?

-Doğrudur ilk olaraq Tarkanla səhnəyə çıxdım, onunla işlədim. Elə Bakıya da ilk dəfə Tarkan konsert proqramı ilə çıxış etməyə gələndə onunla bir gəlmişəm və vokalist kimi ifa etmişəm. Amma artıq bir neçə ildir ki, solo olaraq özümü yaxşı tərəfdən göstərdiyimi düşünürəm. Tarkan kimi mən də arzuolunan bir müğənniyə çevrilməyə nail oldum.

-Hər bir məşhurun bir xəyalı olur. Murat Bozun ən böyük arzusu nədir?

-Mən özümü tanıdığım gündən bəri musiqi düşkünü olmuşam. Mənim üçün musiqidən vacib, ondan öndə gələn bir şey yoxdur. Xəyalımda hər zaman musiqinin içində və ancaq irəli getmək olub, bu günümə şükr edirəm. Daha da irəli getmək üçün çalışıram. Tək Türkiyədə deyil, bütün dünyada məşhurlaşmaq istəyirəm.

-Sizə yeni mahnı və ya şeir təklif olunanda ilk olaraq kiminlə qulaq asırsınız?

-İlk dəfə mən özüm qulaq asıram. Ürəyimə yatmağı çox vacibdir. Musiqinin daxilinə girməyi, onu hiss etməliyəm. Daha sonra komandam ilə birlikdə bir daha musiqiyə qulaq asıram, ondan sonra isə musiqi komandama qulaq asdırıb onların nəbzinə uyğun olub-olmamasını nəzərdən keçiririk. Nəticədə isə möhtəşəm musiqilər ərsəyə gəlir və demək olar ki, hər biri sevilir. Burada tək mənim deyil bütün komandanın əziyyəti var.

- Sənət aləmində rəqib kimi gördüyünüz biri var?

-Hər zaman özümü özümlə sorğu-sual edirəm, dünən necə olmuşam və bü gün necəyəm? Ancaq irəli getməyi düşünürəm. Ətrafımda bir çox məşhur müğənnilər var. Kənan Doğulu, Tarkandan öyrəndiyim çox şey var.

- Bir az sənətdən kənara çıxaq. Şəhərimiz xoşunuza gəldi?

-Qətiyyən xoşuma gəlməyə bilməzdi (gülür-A.Q). Bəyənmək nə sözdür? Hər gəldiyimdə heyran qalıram Bakıya, heyranlıqla qayıdıram buradan. Hər dəfə də geri dönmək arzusu ilə.

-Bakıya konsert üçün deyil, gəzmək üçün gəlməyi planlaşdırırsınız?

-Bakını o qədər çox sevirəm ki, konsertdən kənar olaraq 2-3 günlük qaçıb gəlmək istəyirəm buraya (gülür-A.Q). Heç kəs bilməsin gəlim rahat gəzim, görmədiyim gözəl yerlərlə tanış olum. İnşallah ən qısa zamanda gəlmək istəyirəm.

-Artıq bir neçə azərbaycanlı müğənni Türkiyəyə yollanaraq, orada fəaliyyət göstərir. Siz hansı azərbaycanlı sənətçini tanıyırsınız?
-Bir tək Röyanı tanıyıram. Türkiyədə maraqlı layihələrə imza atıb. Özünü tanıtdırmağı bacarıb. Görkəmi və səsi ilə də seçilən bir xanımdır, yadda qalmağı bacarıb.

-Röya Azərbaycanda da öndə gedən məşhur müğənnilərdən biridir. Onunla duet ifa etmək istəmirsiz ki?

- İnşaallah qismət olsa niyə də olmasın?

-Ötən gün konsert proqramınızın ilk günü müsahibə zamanı bildirmisiniz ki, Bakıda bəyəndiyiniz xanım olsa onunla evlənəcəksiniz... Bildiyimiz qədər sevdiyiniz xanım Ezgi bura sizinlə birlikdə gəlib, bu sözləriniz onun xətrinə dəyməyib?

-Mən bunu zarafatla demişəm (gülür). Ezgi hər zaman mənim yanımdadır, o mənim həm sevdiyim xanım, həm stilistim, həm də köməkçimdir. Onsuz bir günüm olmasın.

- Bizə son sözünüz...

-Nəzərə alsaq ki, konsertə artıq 30 dəqiqə geçikmişəm və zalda hər kəs məni görməyi tələb edir, demək mən səhnəyə qaçmalıyam. Mən sizin üçün darıxacam və bir istəyim var. Siz də mənim üçün darıxın ki, bir daha bura gəlim. Düşünürəm ki, bu gün də ötən gün olduğu kimi möhtəşəm konsert proqramı keçəcək.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri