Problemli kreditlərin həcmi 815 milyon manata çatdı [Video]

Problemli kreditlərin həcmi 815 milyon manata çatdı [Video] Paytaxtda metro stansiyalarında ticarətin ləğv edilməsi ölkədə fəaliyyət göstərən banklara yeni bir zərbə vura bilər. Ekspertlərin belə proqnoz verməsinə səbəb bu obyektlərin sahiblərinin çoxunun kredit borcunun olmasıdır. Üstəlik, rəsmi statistikaya əsasən ölkədə problemli kreditlərin həcmi durmadan artır.

Son statistik məlumatlar vaxtı keçmiş kreditlərin məbləğinin artdığını göstərir. Belə ki, Mərkəzi Bankın açıqladığı məlumatlara görə bu ilin yanvar ayından etibarən problemli kreditlərin məbləği 22,3 milyon manat artaraq 792,8 milyon manatdan 815,1 milyon manata çatib.

İqtisadçıların fikrincə, problemli kreditlərin məbləğinin artması əsasən əhalinin iş yerindən və ya gəlir mənbəyindən məhrum olması ilə bağlıdır. Onların fikrincə, qarşıdakı aylarda da problemli kreditlərin həcmi artmaqda davam edəcək. Metro stansiyalarda ticarətin qadağan edilməsi bunun əsas göstəricilərindən biridir. Burada ticarət obyektlərinin sökülməsi minlərlə satıcını gəlirdən məhrum edəcək. Onların əksər hissəsinin banklardan kredit götürdüyünü nəzərə alsaq, deməli gəlirdən məhrum olan bu insanlar banka olan borcunu ödəyə bilməyəcək . Bununla da problemli kreditlərin məbləği daha da arta bilər.

Ekspert, Azər Mehdiyev: “Mərkəzi Bank Kredit Şərtlərinin kəskinləşdirəndə bu, daha çox istehlak kreditinə yönəldilibsə, belə bir fikir formalaşır ki, bu sahədə böhran daha çoxdur. Artım tendensiyası da onunla bağlıdır ki, həmin kredit şərtləri kəskinləşənə qədər verilmiş kreditlər və onların ödəmə müddətləri var. Onların müddəti başa çatdıqda ödənilməyən kredit formalaşır. Ona görə tendensiyanın ilin ortalarına qədər davam etməsi mümkündür”.

Ekspertin vaxtı keçmiş kreditlərin məbləğinin artmamasında çıxış yolunu əhalinin gəlirlərinin yüksədilməsində görür. Əks halda bundan sonra da gəlirləri azalan və ya ondan məhrum olan vətəndaşlar krediti ödəyə bilməyəcək. Problemin digər bir həlli yolu kimi kredit faizlərinin azaldıması təklif edilir.


Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri