BMT-nin baş katibi Bakıya dəvət edilib

Martın 20-dən etibarən Amerikanın Birləşmiş Ştatlarında rəsmi səfərdə olan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov BMT-nin baş katibinin müavini Yan Eliasson ilə görüşüb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-a verilən xəbərə görə, görüşdə nazir 28-30 oktyabr 2014-cü il tarixlərində Bakıda keçiriləcək ilk "Gənclər siyasəti üzrə Qlobal Forumu"nda iştirakla bağlı BMT-nin baş katibi Pan Gi Muna rəsmi dəvəti təqdim edib.

Səfər çərçivəsində nazir eyni zamanda BMT baş katibinin İctimai əlaqələr və məlumat üzrə müavini Piter Launski-Tieffenthalla görüş keçirib, Azərbaycan hökumətinin uğurlu gənclər siyasəti haqda məlumat verərək, bu modelin digər ölkələr üçün örnək ola biləcəyini qeyd edib. Görüş əsnasında Azərbaycanın BMT-nin müxtəlif qurumları, o cümlədən BMT Baş katibinin gənclər üzrə xüsusi elçisinin ofisi ilə apardığı əməkdaşlığın perspektivləri müsbət qiymətləndirilib.

Bakıda keçiriləcək "Gənclər siyasəti üzrə Qlobal Forum"la bağlı hazırlıq görüşündə də iştirak edən nazir forumun əhəmiyyətindən söz açıb: "Azərbaycanın gənclər sahəsində böyük təcrübəsi və uğurlarını nəzərə alsaq, gənclər siyasəti tarixində ilk dəfə olaraq keçiriləcək və dünya gənclər siyasəti ekspertlərini bir araya gətirəcək Qlobal Foruma məhz ölkəmizin ev sahibliyi etməsi təsadüfi deyil".

Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə öz növbəsində foruma hazırlıq istiqamətində artıq görülmüş işlərdən söz açaraq, Forumun Bakıda yüksək səviyyədə keçirilməsi üçün bütün şəraitin yaradıcılığını qeyd edib. Tədbirdə həmçinin BMT baş katibinin gənclər üzrə xüsusi elçisi Əhməd Əlhəndavi, BMT-nin İctimai məlumat şöbəsi və Avropa Şurasının nümayəndələri Maher Nasser və Rui Gomes də çıxış ediblər. Onlar Azərbaycan hökumətinin gənclər siyasətinə ayırdığı diqqəti xüsusilə vurğulayaraq, Azərbaycanın Foruma ev sahibliyi etmək təklifini dəstəklədiyi üçün öz təşəkkürlərini bildiriblər.

Əlavə məlumat üçün qeyd edək ki, bu "Gənclər siyasəti üzrə Qlobal Forum"la bağlı ikinci hazırlıq görüşüdür və görüşdə tədbir təşkilatçıları olan Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı, BMT baş katibinin gənclər üzrə xüsusi elçisinin ofisi, UNESCO, Avropa Şurası və digər think-tank təşkilatının nümayəndələri iştirak ediblər. İlk görüş 2013-cü ilin noyabr ayında Fransanın Strasburq şəhərində keçirilib.
Şərhlər
İdman bölməsinin xəbərləri