NATO-nun baş katibi: “Rusiyanın yeni davranış modeli mövcud dünya düzəninə təhlükədir, biz bu təhlükəyə cavab verməliyik”

“Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Berlin divarının yıxılmasından sonra Avropada ən ciddi böhrandır. Bizim Avropanı vahid, azad və sülh qitəsi olaraq görməyimiz sual altında qoyulub. Çünki bu hadisənin yeganə belə insident olmadığı ortadadır və bu, artıq davranış modelinə çevrilməkdədir. Dnestryanı, Cənubi Osetiya, Abxaziya və indi də Krım. Bütün bu münaqişələri birləşdirən yeganə məqam budur ki, bir böyük dövlət birtərəfli qaydada beynəlxalq qanunları yenidən yazmağa qərar verir və Avropada 25 il sonra yenidən ayırıcı xətlər yaradır - bir anda və təşbaşına...”

APA-nın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri NATO-nun baş katibi Anders Foq Rasmussen martın 21-də Brüssel Forumunda çıxış edərkən deyib.

A. F. Rasmussen bildirib ki, hazırda Rusiya tərəfindən sərgilənən bu cür təftişçi davranışın XIX əsrdə qaldığı güman olunurdu: “Lakin biz görürük ki, bu davranış XXI əsrdə yenidən qayıdıb. O, əməkdaşlığa yox, konfrontasiyaya əsaslanır və bizim dəyərlərimizə və qaydalarımıza əsaslanan qlobal dünya düzəninə real təhlükə törədir. Ona görə də biz həm indi, həm də gələcəkdə bu təhlükəyə cavab verməliyik. Aydın başa salınmalıdır ki, biz Rusiya ilə işlərimizi əvvəl olduğu kimi apara bilmərik. Bu, bizim seçimimiz deyil, yaranmış vəziyyət bizim Rusiya ilə əməkdaşlığımızın əsaslarını sual altında qoyur və bizi ciddi narahat edir. NATO-nun ən önəmli öhdəliyi bizim ərazilərimizi və xalqlarımızı müdafiə etməkdir. Bunu edə bilmək üçün biz təhlükələri dəf edəcək və qarşı tərəfi çəkindirəcək bütün imkanlara malik olmalıyıq”.

A. F. Rasmussen qeyd edib ki, mövcud qlobal dünya düzənini qorumaq üçün Avropa və Şimali Amerika birlikdə olmalı, iqtisadi və hərbi əlaqələri gücləndirməli, müdafiə sahəsinə qoyulan investisiyaları artırmalıdır: “Biz enerji ehtiyatları ilə təchizatın diversifikasiyasını strateji transatlantik prioritetə çevirməli və Avropanın Rusiya enerji ehtiyatlarından asılılığını azaltmalıyıq”.

Baş katib Ukrayna ilə siyasi-hərbi əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin müasir effektiv struktura çevrilməsi, NATO ölkələrinin silahlı qüvvələri ilə bərabər hərəkət etmə qabiliyyətinin yüksəldilməsi üçün Kiyevə dəstək verilməli və Ukrayna ordusunun NATO təlimlərində iştirakı genişləndirilməlidir.
Şərhlər
Dünya bölməsinin xəbərləri