Turizm Assosiasiyası: Türkiyədə istirahət üçün paket qiymətləri qalxmayıb

Turizm Assosiasiyası: Türkiyədə istirahət üçün paket qiymətləri qalxmayıb Türkiyədə istirahət etmək istəyənlər üçün təklif edilən paketlərin qiyməti yalnız həmin ölkənin hotellərində qiymətlər bahalaşdıqda yüksəlir. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri (AzTA) Nahid Bağırov deyib.

Onun sözlərinə görə, lakin Türkiyədəki hotellərin qiymətləri bahalaşmadığı üçün təklif edilən paketlərin də qiymətləri artmayıb.

O bunu keçirdikləri monitorinqin nəticələrinə əsasən söylədiyini bildirib: "Keçən illə müqayisədə bu il nə biletlərin, nə də hotellərin qiyməti artıb. Qiymətlər ötənilki kimidir. Ucuz yerlər satıldıqdan sonra kimsə gəlib hoteldə qalmaq istədiyini deyir. Cavab olaraq, ancaq bahalı yerlərin qaldığı bildirilir. Onda da deyirlər ki, turizm şirkətləri qiymətləri qaldırıb".

Bağırov deyib ki, başqa dövlətlərin turistləri 4-5 ay əvvəldən istirahət etmək istədikləri ölkənin hotelində yer rezervasiya edirlər. Ancaq Azərbaycan vətəndaşları bunu etmirlər.

Assosiasiya sədri bildirib ki, yay aylarında Türkiyədə dincəlmək istəyənlər mayın 1-dək yerləri bronlaşdırsaydı, hotellər 20-30 faiz endirim edərdilər. Vətəndaşlar yerləri nə qədər gec bronlaşdırırlarsa, paketlərin qiyməti də bir o qədər baha olur.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri