Yol polisinin respublika ərazisində keçirdiyi reydlər zamanı 824 sürücü cəzalandırılıb

Yol polisinin respublika ərazisində keçirdiyi reydlər zamanı 824 sürücü cəzalandırılıb Baş Dövlət Yol Polisi İdarəsi respublika yollarında reydlər keçirib.

APA-nın verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin müvafiq göstərişi ilə DYP əməkdaşları bayram günlərində gücləndirilmiş iş rejimində çalışıb. Novruz bayramı ərəfəsində və bayram günlərində əhalinin respublikanın ayrı-ayrı bölgələrinə böyük axınını nəzərə alaraq hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə dövlət əhəmiyyətli avtomobil yollarında reydlər təşkil edilib. Belə reydlər Bakı-Qazax yolunun Hacıqabul rayonu Nəvahi kəndi ərazisində YPX Alayının 7-ci və Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun Sabirabad rayonu Qaragüney kəndi ərazisində yerləşən YPX Alayının 12-ci Taqımının postlarında da keçirilib.

Keçirilən reydlər zamanı qaydaları kobud şəkildə pozaraq digərlərinə təhlükə yaradan sürücülər aşkar edilərək inzibati məsuliyyətə cəlb edilib. Nəqliyyat vasitələrini sərxoş halda idarə edən, sürücülük hüququ olmayan, ötmə qaydalarını pozaraq qəza şəraiti yaradan, habelə digər təhlükəli xətalar törədən sürücülərə qarşı müvafiq inzibati tədbirlər görülüb. Reyd zamanı sərxoş vəziyyətdə avtomobili idarə edən 9, sürücülük hüququ olmayan 3, ötmə qaydalarını pozan 30, təhlükəsizlik kəmərindən istifadə etməyən 115, yol nişanının tələbini pozan 134, tabe olmayan 2, qəza şəraiti yaradan 2 nəfər sürücü barəsinə inzibati protokollar tərtib edilib. Reyd zamanı ümumilikdə 824 inzibati protokol tərtib edilib və qanunu pozanlara qarşı cərimə sanksiyaları tətbiq edilib.

Qeyd olunub ki, belə reydləri keçirməkdə məqsəd yol nəqliyyat hadisələrinin bilavasitə baş verməsinə səbəb olan qayda pozuntularına yol verən sürücüləri aşkar edib onların inzibati məsuliyyətə cəlb edilməsini təmin etməkdir.
Şərhlər
Sosial bölməsinin xəbərləri