Azərbaycan prezidenti İlham Əliyev Nüvə Təhlükəsizliyi Sammitində çıxış edib

Azərbaycan prezidenti İlham Əliyev Nüvə Təhlükəsizliyi Sammitində çıxış edib Haaqa şəhərində (Niderland) keçirilən III Nüvə Təhlükəsizliyi Sammiti martın 25-də işini davam etdirib. Azərbaycan prezidenti İlham Əliyev sammitdə çıxış edib.

APA-nın məlumatına görə, sammitin ikinci iş günü nüvə təhlükəsizliyi sahəsində milli və beynəlxalq tədbirlərin əhəmiyyətinə həsr olunub. Bu sahədə dünya ölkələri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb. Dünya liderləri bu zirvə görüşündə də nüvə terrorizminin qarşısının alınması üzrə uzunmüddətli və səmərəli beynəlxalq əməkdaşlıq məsələsini gündəmdə saxlayıblar, nüvə terrorizmi təhlükəsinin hələ də mövcud olduğunu bildirərək, bu təhlükənin qarşısının alınması üçün tədbirlərin davam etdirilməsinin vacibliyini önə çəkiblər.

Sammitin plenar iclasında Azərbaycan prezidenti İlham Əliyev çıxış edib. Dövlət başçısı nüvə təhlükəsizliyi tədbirlərinin gücləndirilməsində Beynəlxalq Atom Enerjisi Agentliyinin mühüm rolundan danışıb və Azərbaycanın nüvə təhlükəsizliyinin bir çox aspektləri üzrə Agentliklə fəal əməkdaşlıq etdiyini və iştirakçı dövlət olduğu Nüvə Terrorçuluğuna qarşı Mübarizə üzrə Qlobal Təşəbbüsün nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində BMT-nin göstərdiyi səyləri dəstəklədiyini, bu yaxınlarda Azərbaycanın nüvə, kimyəvi və bioloji silahların və onların çatdırılma vasitələrinin yayılmaması sahəsində gördüyü növbəti tədbirlər haqqında yeni hesabatını BMT-yə təqdim etdiyini diqqətə çatdırıb. İ.Əliyev qeyd edib ki, 2012-ci ildə BMT-nin Təhlükəsizlik Şurasında sədrliyi zamanı Azərbaycan beynəlxalq terrorçuluq, o cümlədən nüvə terrorçuluğu məsələlərinə aid müzakirələr təşkil edib.

Nüvə və radioaktiv təhlükəsizliyin təmin edilməsi üçün əlavə tədbirlər görülməsinin vacibliyinə toxunan prezident Azərbaycanın nüvə materiallarının qeyri-qanuni dövriyyəsində tranzit marşrutu kimi ölkənin ərazisindən istifadənin qarşısını almaq üçün böyük səylər göstərdiyini, bu məqsədlə beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək beynəlxalq standartlara uyğun güclü qanunvericiliyə əsaslanan əhatəli milli ixraca nəzarət sistemini formalaşdırdığını vurğulayıb.

Dövlətimizin başçısı bildirib ki, bu yaxınlarda qəbul edilmiş Azərbaycanın ilk «Dəniz Təhlükəsizliyi Strategiyası»nda nüvə və digər kütləvi qırğın silahlarının və onların çatdırılma vasitələrinin, eləcə də aidiyyəti materialların yayılması dəniz təhlükəsizliyinə ən böyük hədələrdən biri kimi müəyyən edilir.

Prezident İ.Əliyev təəssüflə qeyd edib ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20%-nin Ermənistan tərəfindən davam edən işğalı və azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti səbəbindən ölkəmizin öz sərhədlərinin müəyyən hissəsinə lazımi səviyyədə nəzarət etmək imkanı yoxdur. Bu cür vəziyyət transmilli mütəşəkkil cinayətkarlığa, nüvə və radioaktiv materialların qeyri-qanuni daşınmasına, həmçinin radioaktiv tullantı materiallarını basdırmaqla Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan tərəfindən zəhərləndirilməsinə şərait yaradır.

Daha sonra Azərbaycan prezidenti Ermənistanın təxminən 40 il əvvəl tikilmiş və köhnəlmiş Atom Elektrik Stansiyasının yaratdığı təhlükədən danışaraq deyib ki, bu elektrostansiya bütün region və yaxın qonşular üçün böyük təhdiddir. Oradakı hər hansı qəzanın nəticələri faciəli olacaq. Lakin beynəlxalq narahatlığı aradan qaldırmaq və bu elektrostansiyanı bağlamaq əvəzinə, Ermənistan həmin Atom Elektrik Stansiyasının fəaliyyətini 2026-cı ilə qədər davam etdirmək qərarına gəlib, baxmayaraq ki, o, yüksək seysmik zonada yerləşir və köhnəlmiş, olduqca təhlükəli texnologiyaya əsaslanır.

Azərbaycanın regionda təhlükəsizliyin və sabitliyin qorunmasında olduqca müsbət rol oynadığını deyən İ.Əliyev bildirib ki, rəsmi Bakı regionda və bütün dünyada nüvə təhlükəsizliyinin gücləndirilməsinə aid məsələlər üzrə beynəlxalq təşkilatlar və tərəfdaşlarla apardığı əməkdaşlığın davam etdirilməsi, nüvə və radioaktiv materialların qeyri-qanuni dövriyyəsindən irəli gələn hədələrin azaldılması işinə sadiqdir.

Çıxışının sonunda Azərbaycan dövlətinin başçısı BMT başda olmaqla beynəlxalq ictimaiyyətin davamlı səyləri ilə bütün çağırışların həll ediləcəyinə və daha təhlükəsiz dünya qurulacağına əminliyini ifadə edib.

Sonra zirvə görüşünün «Nüvə təhlükəsizliyi sammitinin gələcəyi» mövzusunda qeyri-rəsmi iclası keçirilib.

Azərbaycan prezidenti İ.Əliyev sammit çərçivəsində Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının baş naziri Devid Kemeron və İtaliyanın baş naziri Matteo Rentsi ilə görüşüb. Söhbət zamanı Azərbaycan ilə bu ölkələr arasında ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi aparılıb.

Prezident İ.Əliyev zirvə görüşü zamanı Türkiyə prezidenti Abdullah Güllə də görüşüb.
Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin indiki vəziyyəti və perspektivi ilə bağlı müzakirələr aparılıb.

Sammitin sonunda yekun Kommünike qəbul olunub.
Şərhlər
Siyasət bölməsinin xəbərləri