Azərbaycanda daha bir vaqonqayırma zavodunun inşası təklif olunur

Azərbaycanda daha bir vaqonqayırma zavodunun inşası nəzərdə tutulub.

Bununla bağlı hazırda Rusiyanın «Uralvaqonzavod" (UVZ) ASC Elmi-İstehsalat Korporasiyası ilə danışıqlar aparılır. Bunu «APA-Economics»ə açıqlamasında «Azərbaycan Dəmir Yolları» QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

N.Əzməmmədovun sözlərinə görə, danışıqlar zamanı təkliflərdən biri müəssisənin 2015-ci ildə fəaliyyətə başlaması ilə bağlı olub: «Bu müəssisədə oturacaq və yataq tipli vaqonların istehsal edilməsi təklif olunur».

Rusiya şirkəti Azərbaycanda ildə 2 min ədəd vaqon istehsal edə biləcək vaqonqayırma zavodunun tikintisini planlaşdırır. Müəssisə yük vaqonlarının altı modelini, o cümlədən yarımvaqon, sisternə, xopper (yükü özüboşaldan vaqon) istehsal etmək niyyətindədir.

«Uralvaqonzavod» layihədə 50% iştirak payına sahib olmaq istəyir və bu halda hər iki tərəfin investisiya yatırımı 20-30 mln. avro təşkil etməlidir.

Rusiya ekspertləri hesab edirlər ki, bu müəssisənin işə düşməsi Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istismarı üçün də faydalı olacaq: «Azərbaycanın vaqon parkı köhnəlib, hər il 1,5 min vaqonun dəyişdirilməsinə ehtiyac var. Bundan başqa, birgə müəssisənin məhsullarının həmçinin Gürcüstan və Türkiyəyə da ixracı planlaşdırılır».

Qeyd edək ki, «Uralvaqonzavod» ASC hərbi texnika, yol-tikinti maşınları, dəmir yolu vaqonlarının istehsalı ilə məşğul olur.

Xatırladaq ki, hazırda Gəncə şəhərində yeni vaqon istehsalı zavodunun inşası planlaşdırılır. Burada həm yeni müasir vaqonların istehsalı, həm də köhnə vaqonların əsaslı təmirini həyata keçirmək mümkün olacaq. Bu layihə hazırlanma mərhələsindədir və yaxın aylarda onun reallaşdırılmasına başlanıla bilər. Hazırda zavodun tikintisi ilə əlaqədar İsveçrənin «Stadler» şirkəti ilə danışıqlar aparılır.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri