Ukrayna: Rusiya qazının Avropa Birliyinə tranziti dayandırıla bilər

Kiyev Avropa Birliyini Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılmasının mümkünlüyü barədə xəbərdar edib.

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın energetika naziri Yuri Prodan AB-in energetika üzrə komissarı Günter Ottingerə ünvanladığı məktubda bildirib.

Prodan həmçinin Ottingerə Rusiya və Ukrayna arasında “qaz münaqişəsinin” qarşısının alınması üçün yaxın iki-üç gün ərzində xüsusi qrupun yaradılmasını təklif edib.

Nazir qeyd edib ki, AB ərazisindən – Polşa, Macarıstan və Slovakiyadan Ukraynaya qaz tədarükünün həyata keçirilməsi qeyd olunan təhlükənin aradan qaldırılmasına kömək edəcək. Prodan Rusiya tətbiq edəcək yeni qiymətlərdə Xarkov sazişində qeyd olunmuş güzəştləri nəzərə almayacağını da qeyd edib.

“AB ölkələrindən Ukraynaya qaz tədarükünü təşkil etməyə çox az vaxt qalıb. Əgər biz bu problemi tez bir zamanda həll edə bilməsək 2009-cu ildə yaşanmış “qaz münaqişəsinin” təkrarlanacağını proqnozlaşdıra bilərik. Bu münaqişə qərb istiqamətində qazın nəqlinin Rusiya tərəfindən tamamilə dayandırılması da daxil olmaqla, eyni ssenari üzrə meydana gələcək və eyni fəsadlara gətirib çıxaracaq”, deyə nazir məktubda vurğulayıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri