Aprelin 1-dən ölkəyə gətirilməsinə qadağa qoyulan maşınların qiyməti artıq indidən bahalaşmağa başlayıb. Maşın bazarında apardığımız müşahidələr göstərdi ki, artım kəskin olmasa da, Avro-2 və Avro-3 standartlı maşınların qiymətində bahalaşma baş verib.
Bəzi satıcılar isə Avro-2 və Avro-3 standartına uyğun maşınların hələ aprelin birindən sonra bahalaşacağını deyirlər. Onların sözlərinə görə bu birbaşa "Avro-4"-ə uyğun gəlməyən maşınların idxalının qadağan olunması ilə bağlıdır.
Amma qiymətlərin artmayacağını proqnozlaşdıranlar da çoxdur. Onların isə özünə görə əsasları var.
Hələlik bəlli olan bir məsələ var ki, iki həftədir, xaricdən, xüsusilə Gürcüstandan Azərbaycana çoxlu sayda Avro-2 və Avro-3 standartında olan maşınlar gətirilib. Və bu atomobillər Avro-4 standartına cavab verən maşınlardan xeyli ucuzdur. Bu səbəbdən satıcılar köhnə maşınlara təlabatın artmasından qazanmaq istəyir. Buna görə də yaxın həftələrdə bazarlarda köhnə maşınların qiymətinin kifayət qədər qalxacağı gözlənilir.