Rəcəb Tayyip Ərdoğan: “Sabahdan etibarən ölkədən qaçanlar ola bilər”
- 31.03.2014, 08:09,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin baş naziri, hazırda iqtidarda olan Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbəri Rəcəb Tayyip Ərdoğan partiyasının bələdiyyə seçkilərində qalib gəlməsi münasibətilə məşhur “balkon çıxışı”nı edib.
APA-nın xəbərinə görə, R.T. Ərdoğan “balkon çıxışı”ndan öncə partiyadaşları və ailə üzvləri, xanımı Əminə Ərdoğan, oğlu Bilal Ərdoğan və qızları ilə birlikdə mitinqə toplaşanları salamlayıb.
O, çıxışına “77 milyon Türkiyə vətəndaşını bir daha məhəbbətlə qucaqalayıb, salamlayıram” deyə başlayıb.
Ərdoğan partiyasının qələbəsini “Siz öz iradənizə, demokratiyaya, partiyanıza, baş nazirinizə sahib çıxdınız. Buna görə Sizə təşəkkür edirəm” deyə ifadə edib.
Baş nazir daha sonra “Hizmət” Hərəkatına və müxalifət partiyalarına sərt ittihamlar səsləndirib: “ Bu gün bu millət Türkiyəyə və dünyaya bir mesaj verdi. “Biz burdayıq, bu ölkənin sahibiyik, millət əyilməz, Türkiyə əyiləz” deyə bildi. Biz Türkiyə Cümhuriyyətini küçədən tapmadıq. Ona görə də bu ölkəni Pensilvaniyaya və onun burdakı xain uzantılarına təslim etmərik”.
Ərdoğan bildirib ki, o, Hizmət Hərəkatının üzvlərinin bəziləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib: “ Bəziləri ilə bağlı şəxsən özüm prokurorluğa müraciət etmişəm. Çünki sabahdan etibarən qaçanlar ola bilər. Mən əvvəldən də demişdim, hinlərinə girəcəyik. Onlar bu dövlətə etdiklərinin hesabını verib, bədəlini ödəyəcəklər. Bizim milli təhlükəsizliyimi necə təhdid edərlər?”
Ərdoğan “nurçular”ı “Haşhaşilər”ə bənzədib: “Suriya bu gün bizimlə müharibə vəziyyətindədir. Bu xainlər Suriya ilə bağlı danışıqları dinləyib dünyaya yayıblar. Bunlar bu hərəkətləri ilə Haşhaşilərə rəhmət oxutdurdular”.
Baş nazir qeyd edib ki, bugünkü seçkinin nəticələri “millətin siyasətdən kənar yolla Türkiyənin istiqamətinin dəyişdirilməsinə etirazını göstərdi”: “ Seçkinin nəticəsi kimin qazandığından daha çox kimin məğlub olduğunu müəyyən etdi. Bu gün əxlaqdan kənar, kasset, montaj, şantaj siyasəti, çirkin ittifaqlar, hədəfsiz, plansız siyasət məğlub oldu. Türkiyəyə xainlik edənlər, tam bir Osmanlı şilləsi yedilər”.
Ərdoğan yenə də Fətullah Güləni dəstəkləyən medianı və iş adamlarını hədəfə alıb: “Nə oldu? Millət seçki qutusunda münasibətini göstərdi, biz burdayıq. Siz indi hardasınız?”
Baş nazir daha sonra müxalifətə çağırış edib: “Biz nəticələri analiz edəcəyik. Bu faizlərimizin daha yüksək olmamasının səbəbini müzakirə edəcəyik. Bizə səs verənlərlə yanaşı səsini ala bilmədiyimiz vətəndaşlarımızın da hisslərini dəyərləndirəcəyik. Hər kəs seçki qutusundan çıxan mesajı doğru oxumalıdır”.
Ərdoğanın Türkiyəyə yeni müxalifət lazım olduğunu da bildirib: “Gəlin, yeni səhifə açaq. Türkiyə sevdası hər şeyin üzərində olsun. Türkiyə qazanacaqsa, biz uduzmağa hazırıq”.
Lakin bu çağırışdan sonra Ərdoğan yenə də Fətullah Gülənin tərəfdarlarının və müxalifətin ünvanına sərt ittihamlar səsləndirib: “ Bu gün Türkiyə düşmənlərinin maşaları, millətin öz içindən çıxıb ona xəyanət edənlər xəyal qırıqlığına uğradılar. Millət istiqrarına uzanan əlləri seçki qutusunda dəfn etdi. Sinsi planları, əxlaqsız tələləri pozdu, hiylələr üzərində qələbə çaldı. 30-40 il içində dövlət içinə sızanlarla hüquq dilində danışmağın vaxtı gəlib. Çünki bu cür şəbəkələri nə millət, nə də biz qəbul edə bilərik”.
Ərdoğan çıxışını “bu gün yeni Türkiyənin şadlıq günü, qələbə günü” deyərək bitirib.