Millət vəkili: “İcbari tibbi sığortaya keçid üçün ilk növbədə infrastruktur yaradılmalıdır”

Milli Məclisin Sosial siyasət komitəsi aprelin 4-də keçiriləcək növbəti plenar iclası zamanı “Tibbi sığorta haqqında” qanuna ediləcək dəyişikliklərə aydınlıq gətirib.

Komitənin üzvü, millət vəkili Məlahət İbrahimqızı APA-ya açıqlamasında bildirib ki, görülən işlərin hamısı qarşıdakı illərdə icbari tibbi sığortaya keçid rolunu oynayır.

Onun sözlərinə görə, “Tibbi sığorta haqqında” qanun Azərbaycanda 1999-cu ildə qəbul olunub: “Artıq 15 il keçib və bu gün Azərbaycanın imkanları, tibbi vəziyyəti və durumu çox irəlidədir. Bütün bunları nəzərə alaraq qanun layihəsinə dəyişiklərin edilməsinə ehtiyac var. İcbari tibbi sığorta ilə bağlı hazırda ölkədə işlər gedir, yüksək standartlara cavab verən infrastruktur yaradılıb. Bu çox önəmlidir. İcbari sığorta o deməkdir ki, hər bir vətəndaş üçün dövlət büdcəsindən ayrıca pul ayrılacaq, insanlar sağlamlığı ilə bağlı harasa getsə, pulu dövlət tərəfindən ödəniləcək. Təbii ki, əgər yaxşı infrastruktur olmasa, pullar lazımsız yerə xərclənəcək və heç bir ixtisaslaşmış tibbi müalicə-müayinədən danışmaq mümkün olmayacaq. On görə də icbari tibbi sığortaya keçid üçün ilk növbədə infrastruktur yaradılmalıdır. Buna paralel olaraq büdcənin zənginləşdirilməsi, dövlət büdcəsindən ayrılmalar, xüsusilə işləyən insanların icbari tibbi sığortası ilə bağlı müəyyən köçürmələr və insanların bununla təmin olunması istiqamətində müəyyən işlər görülür”.

M.İbrahimqızı qeyd edib ki, son aylar bütün ölkə üzrə kütləvi olaraq insanlar icbari dispanserizasiyadan (tibbi müayinədən) keçirilir: “Əhalinin kütləvi müayinəsinin nəticəsi olaraq nə qədər vətəndaşın xəstə olduğunu, onların əsas hansı xəstəliklərdən əziyyət çəkdikləri məlum olacaq. Bundan sonra artıq qarşıdakı illərdə icbari tibbi sığortanın dövlət tərəfindən planlaşdırılması, ona təxmini nə qədər vəsaitin ayrılmasına dair məsələlər asanlıqla öz müsbət həlini tapacaq. İcbari tibbi sığortanı tətbiq etmək üçün əvvəldən bu sahədə mövcud olan problemləri öyrənmək lazımdır”.

Komitə üzvü əlavə edib ki, “Tibbi sığorta haqqında” qanuna müəyyən dəyişiklərin edilməsi ümumilikdə bu sahədə olan mexanizmlərin sadələşdirilməsi və asanlaşdırılmasına xidmət edəcək.
Şərhlər
Sosial bölməsinin xəbərləri