Bu gün Finlandiyanın Vantaa şəhərində böyüklər arasında güləş üzrə Avropa çempionatı start götürüb.
Trend-in məlumatına görə, qitə birinciliyində mübarizəyə qoşulan Olimpiya çempionumuz Toğrul Əsgərov 1/8 final mərhələsində bolqarıstanlı Borislav Novaçkova böyük hesabla uduzub.
65 kq çəki dərəcəsində qüvvəsini sınayan T.Əsgərov ilk hissəni 4:0 hesabı ilə öndə bitirsə də, yekunda 8 xal fərqi ilə məğlub olub - 5:13.
Onun rəqibi B.Novaçkov isə finala kimi irəliləyə bilmədiyindən idmançımız təsəlliverici görüşlərə qatılmaq şansını da itirib.
Qeyd edək ki, çempionatın ilk günündə 65 və 97 kq sərbəst, 48 və 58 kq qadın güləşçilər mübarizə aparır.
Azərbaycan güləşçilərinin çıxışları:
65 kq
1/8 final - Toğrul Əsgərov - Borislav Noviçkov (Bolqarıstan) 5-13
97 kq
1/8 final - İvan Yankovski (Belarus) - Xetaq Qazyumov 0-7
1/4 final - Staneslav Skaskieviç (Polşa) - Xetaq Qazyumov 2-6
1/2 final - Xetaq Qazyumov - Pavlo Oliinik (Ukrayna) 4-0
Final - Xetaq Qazyumov - Abdusalam Qadisov (Rusiya)
48 kq
1/8 final - Mariya Stadnik - Nadejda Fedorova (Rusiya) 14-2
1/4 final - Mariya Stadnik - Mercedesz Deneş (Macarıstan) 10-0
1/2 final - Madalina Linguraru (Rumıniya) - Mariya Stadnik 0-11
Final - Nataliya Pulkovska (Ukrayna) - Mariya Stadnik
58 kq
1/4 final - İrina Netreba - Viktoriya Bobeva (Bolqarıstan) 8-4
1/2 final - İrina Netreba - Anastasiya Huçok (Belarus) 6-1
Final - İrina Netreba - Valeriya Jolobova (Rusiya)
Final görüşləri Bakı vaxtı ilə saat 20.00-da başlayacaq. Güləşsevərlər medal görüşlərini canlı yayımla "İdman Azərbaycan" telekanalından izləyə biləcəklər.